İsrail HƏMAS batalyonlarının 80%-nin məhv edildiyini açıqlayıb

   İsrail HƏMAS batalyonlarının 80%-nin məhv edildiyini açıqlayıb
  07 Aprel 2024    Oxunub:967
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail HƏMAS-ın komandanlıq etdiyi batalyonların 80%-ni məhv edib. O, bu rəqəmləri İsraillə HƏMAS arasında müharibənin başlamasından düz altı ay sonra hökumətə müraciətində səsləndirib.
Netanyahunun sözlərinə görə, HƏMAS-ın 24 batalyonundan 19-u məhv edilib.

Oktyabrın 7-də minlərlə silahlı HƏMAS tərəfdarının Qəzza zolağından İsrailə daxil olması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

Oktyabrın 27-də İsrail Qəzzada quru əməliyyatını "genişləndirdiyini" elan edib. Noyabrın 5-də quru əməliyyatı çərçivəsində İsrail hərbi qüvvələri Qəzza şəhərini mühasirəyə alıb və onun təchizatını kəsib. Dekabrın 5-də İsrail Qəzza zolağında quru əməliyyatının üçüncü hissəsinə başlayıb və zolağın cənubundakı Xan Yunis şəhərini mühasirəyə alıb.

2024-cü ilin yazında 1,5 milyon fələstinli qaçqının olduğu Rəfahda İsrailin quru əməliyyatının davam etdirilməsi ilə bağlı sual yaranıb. İsrail BMT Təhlükəsizlik Şurasının onun dərhal dayandırılmasını tələb edən qətnaməsinin qəbulundan sonra belə əməliyyatı davam etdirmək niyyətini açıqlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti