MOK-un Milli Televiziya Festivalının qalibləri mükafatlandırılıb - FOTOLAR

MOK-un Milli Televiziya Festivalının qalibləri mükafatlandırılıb -    FOTOLAR
  08 Aprel 2024    Oxunub:1124
Aprelin 8-də Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin rəsmi mükafatlandırma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, festivalın münsiflər heyətinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov, MOK-un İcraiyyə Komitəsinin və festivalın münsiflər heyətinin üzvləri, Olimpiya çempionları, idman federasiyalarının və televiziya kanallarının rəhbərləri, tanınmış idmançılar və ictimai xadimlər iştirak ediblər.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə festivalın əhəmiyyətindən danışıb. O, Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının 2022-ci ildə təsis olunduğunu diqqətə çatdırıb.

“Festivalı ilk dəfə təşkil edəndə hələ bilmirdik ki, bu festival gələcəkdə də davam edəcək ya yox. Bu gün artıq rəqəmlər də səsləndi. Əgər birinci festivalda 40 video təqdim olunmuşdusa, budəfəki festivala 58 video təqdim olunub. Bu o deməkdir ki, festival yaşayır və biz onun yekunlarına toplaşmışıq. Azərbaycan idmanın təbliği üçün bu festivalın böyük əhəmiyyəti var. Mənim bir arzum var ki, biz bu festivalı bir müddətdən sonra beynəlxalq səviyyəyə qaldıraq. Əminəm ki, biz buna da nail olacağıq. Festivalın qaliblərini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”, - deyə MOK-un vitse-prezidenti bildirib.

Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.

“Reklam və Promo çarxlar” nominasiyasının qalibi adını Azərbaycan Gimnastika Federasiyası tərəfindən təqdim olunan “Ulduz kimi parla” reklam çarxı qazanıb.

Azərbaycan Cüdo Federasiyasının (ACF) “Cüdomuzun gələcəyi” tanıtım çarxı “Gələcək qaliblər” nominasiyasında qalib olub. ACF festivalda daha bir uğuru “Zərif qəhrəman” nominasiyasında - “Qızlara ağ yaraşır” tanıtım çarxı ilə əldə edib.

“Həyat naminə - İdman” nominasiyasında “İdman TV”nin “Bilinməyən mən Züleyxa Hacıyeva” televiziya filmi birinci yerə layiq görülüb.

“90plus” media təşkilatının ekranlaşdırdığı “Qələbə sadəcə inamdır” sənədli filmi Münsiflər Heyəti tərəfindən “Güclü iradəli” nominasiyasının qalibi olub.

Mərasimdə həmçinin festivalın Təşkilat Komitəsinin, “Cüdo Klub 2012” İctimai Birliyinın və Milli Olimpiya Komitəsinın xüsusi mükafatlarına layiq görülən iştirakçılar da təltif olunublar.

Tədbirdə festivalın qonaqları və partnyorlarının çıxışları dinlənilib, musiqili proqram təqdim olunub.

AzVision.az

Qalereya




Teqlər: MOK   festival   mərasim  





Xəbər lenti