Amerikalı konqresmen Ukrayna ilə bağlı sərt bəyanat verib

   Amerikalı konqresmen Ukrayna ilə bağlı sərt bəyanat verib
  09 Aprel 2024    Oxunub:797
Rəsmi Vaşinqtonun gec-tez Ukraynanın NATO-ya qəbul olunacağı barədə bəyanatları bir sıra konqresmenlər tərəfindən ciddi şəkildə tənqid edilir.
AzVision.az xəbər verir ki, Ohayo ştatından seçilmiş senator Ceyms Devid Vens “X” sosial şəbəkəsində Ukraynanın NATO-ya daxil olmasının Amerika əsgərlərinin orada yerləşdirilməsinə və Rusiya ilə birbaşa münaqişəyə gətirib çıxaracağını yazıb.

Siyasətçi ABŞ Dövlət katibi Antoni Blinkenin ötən həftə Brüsseldə keçirilən NATO sammiti çərçivəsində ukraynalı həmkarı Dmitri Kulebanın iştirakı ilə verdiyi açıqlamaya diqqət çəkib. Həmin çıxışda Blinken Ukraynanın nəhayət alyansın üzvü olacağına söz verib . Onun iddiasına görə, NATO-nun Vaşinqtonda keçiriləcək yay sammiti Kiyevin bloka daxil olması üçün “körpünün qurulmasına” həsr ediləcək.

“Bu, tam məsuliyyətsizlikdir. Ukrayna NATO-ya qəbul edilməməlidir. Onu müharibə zamanı dəvət etmək ölkəmizi müharibəyə dəvət etməklə eynidir”, - senator yazıb.

Amerikalı əsgərləri Rusiyaya qarşı ön cəbhədə görüb-görməməklərini istədikləri barədə öz oxucularına ritorik sual verən Ceyms Vens qeyd edib ki, əgər onlar bunun əleyhinədirlərsə, onda Ukraynanın NATO-ya daxil olması ideyasını rədd etməlidirlər.

Qeyd edək ki, hələ 2022-ci il sentyabrın sonunda Ukrayna prezidenti Volodomir Zelenski ölkəsinin sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq üçün müraciət etdiyini açıqlayıb. Amma onda alyansın Baş katibi Yens Stoltenberq silahlı münaqişə zamanı Ukraynanın alyansa tam üzv kimi qəbul edilməsinin mümkün olmadığını bildirdi.

Məsələ ilə bağlı şərh verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın vəziyyəti diqqətlə izlədiyini və məhz Ukraynanın NATO-ya meyllənməsinin hərbi qarşıdurmaya səbəb olduğunu vurğulayıb.

Ukrayna isə NATO-ya hələ də dəvət almayıb. Moskvanın fikrincə, blok üzvləri arasında, Ukraynanın qərb ərazilərinə açıq maraq var və Kiyevin alyansa dəvət olunması Ukraynanın mövcud sərhədlərinin tanınması tələbini ortaya qoyacaq.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Ukrayna   NATO  





Xəbər lenti