FHN-də məktəblilər üçün "açıq qapı" baş tutub - FOTOLAR

FHN-də məktəblilər üçün "açıq qapı" baş tutub -    FOTOLAR
  09 Aprel 2024    Oxunub:977
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində "açıq qapı" günü keçirilib.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, ədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına dəstək olmaq, habelə Nazirliyin müvafiq qurumlarının fəaliyyəti ilə onları yerində tanış etmək olub.

Tədbirdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən 132-134 nömrəli Təhsil Kompleksinin 8-ci sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Əvvəlcə, Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayon Yanğından Mühafizə Hissəsində olan məktəblilərə yanğınsöndürənlərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən keçirilən təlim məktəblilərin marağına səbəb olub. “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin seçilmiş əl işlərindən ibarət sərgi məktəblilərdə böyük təəssürat yaradıb.

Daha sonra məktəblilər FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik reaksiya idarəsinə səfər edərək, idarənin fəaliyyəti ilə yerində tanış olublar. Məktəblilərə “112” qaynar telefon xəttinin təyinatı, fəaliyyət prinsipləri, qaynar xəttə müraciət üçün əsaslar barədə geniş məlumat verilib. Uşaqlar baş vermiş hadisə barədə qaynar xəttə zəngin daxil olması və hadisə barədə məlumatı qəbul edən əməkdaşın fəaliyyətini real şəraitdə izləyiblər. Həmçinin, məktəblilər tərəfindən “112” qaynar xəttinə zəngin edilməsi və zəngin qəbul edilərək aidiyyəti üzrə yönləndirilməsi imitasiya edilib.

Məktəblilərdə dərin təəssürat yaradan “açıq qapı” günündə onları maraqlandıran suallar Nazirliyin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün Nazirliyin müxtəlif qurumlarında mütəmadi "açıq qapı" günləri keçirilir.

AzVision.az

Qalereya




Teqlər: FHN   açıq-qapı-günü  





Xəbər lenti