Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı yekdil rəy yoxdur

   Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı    yekdil rəy yoxdur
  16 Aprel 2024    Oxunub:762
Rusiyanın Qərb ölkələrində dondurulmuş aktivlərinin müsadirəsi və ya onların yerləşdirilməsindən götürüləcək gəlirin Ukraynaya hərbi yardım üçün istifadə olunması barədə fikir ixtilafı dərinləşir.
AzVision.az xəbər verir ki, “RBK” informasiya agentliyi İsveçrənin Federal İqtisadiyyat, Təhsil və Tədqiqat Departamentinin məlumatına istinadən bu ölkənin hökumətinin Rusiyanın dondurulmuş aktivlərinin axtarışı və müsadirəsi ilə məşğul olan qrupa qoşulmaqdan imtina etdiyini bildirib.

Departamentin nümayəndələri qeyd edirlər ki, Bern artıq beynəlxalq tərəfdaşlarla Rusiyaya qarşı sanksiyaların tətbiqi üzrə (REPO), xüsusən də texniki səviyyədə səmərəli əməkdaşlıq edir. Federal Şura hazırda REPO qrupuna rəsmi şəkildə qoşulmağa ehtiyac görmür, lakin belə bir addım İsveçrənin maraqlarına uyğun olarsa, gələcəkdə bu mövqeyə yenidən baxmaq imkanını özündə saxlayır.

Maraqlıdır ki, bu məsələdə ön sıralarda gedən Böyük Britaniyada da Rusiya aktivlərinin müsadirəsi ilə bağlı ciddi mövqe ixtilaflarının mövcu olduğu iddia edilir. Ukraynaya 60 milyard dollarlıq yardımın ayrılması üçün bu yaxınlarda Vaşinqtona səfərindən sonra Böyük Britaniyanın Xarici İşlər naziri Devid Kemeron Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məsələsində hər iki ölkənin irəliləyiş əldə etdiyini açıqlayıb.

Yanvar ayında isə Davos İqtisadi Forumunda Kemeron Moskvanın gec-tez Ukraynaya təzminat ödəmək məcburiyyətində qalacağını bildirib.

“Son nəticədə Rusiya qanunsuz işğalına görə təzminat ödəməli olacaq. Müharibənin bitməsini gözləməkdənsə, niyə də pulun bir hissəsini indi xərcləməyək?” , - Kemeron Davosda ritorik sual səsləndirib.

Amma bu ay məlum olub ki, Rusiyanın Böyük Britaniyadakı aktivlərinə həbs qoyulması müşkül məsələdir. Çünki belə addım uzunmüddətli hüquqi iddialara səbəb olacaq və sərmayəçilərin durğunluq yaşayan Britaniya iqtisadiyyatına inamını sarsıdacaq. Vəkil Frensis Bonddan sitat gətirən “Politico” nəşri aktivlərin ələ keçirilməsi üçün “açıq hüquqi presedent” olmadığını və “bunun tamamilə kəşf edilməmiş hüquqi ərazi” olduğunu yazır.

“Hətta əsas aktivlər yox, yalnız onalrdan qazanılan mənfəət belə mənimsənilsə, qarşıda illər, hətta onilliklər boyu beynəlxalq məhkəmə araşdırmaları gözlənilir” , - Bond deyib.

Parlamentin Leyboristlər Partiyasından olan deputatı Marqaret Hoc isə qəzetə müsahibəsində bildirib ki, Böyük Britaniyanın maliyyə sektoru Rusiya aktivlərinin dondurulması məsələsində “passiv qalması üçün hökumətə böyük təzyiq göstərir”, hökumət isə buna qulaq asır.

“Politico” nəşrinin fikrincə, London Ukrayna ilə bağlı gələcək danışıqlarda Rusiyanın Britaniyada dondurulan təxminən 44 milyard dollar dövlət və özəl aktivləri kartından istifadə etməyə ümidlidir.

“Aktivlərin daimi əsasda müsadirəsi isə bu cür danışıqların nə vaxtsa baş tutması ehtimalını azaldacaq” , - ekspertlər “Politico”ya müsahibədə vurğulayıblar.

Rusiyanın Qərbdəki aktivləri nəyə xərclənəcək?
London ABŞ və Avropa İttifaqının Rusiyanın aktivlərini müsadirə etməsini görmək istəyərdi, lakin onlar da presedent yaratmaq istəmirlər. Çünki Qərb maliyyə sisteminin imici və onun nəhəng gəlirləri təhlükə altında olanda cəsarətli bəyanatlar arxa plana keçir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropa İttifaqı və G7 ölkələri Rusiyanın təxminən 320 milyard dollarlıq valyuta ehtiyatlarını dondurub. Brüsseldə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün istifadənin mümkün yolları ilə bağlı müzakirələr gedir.
Kremlin təmsilçiləri belə hərəkətləri beynəlxalq hüququn növbəti pozuntusu adlandırıblar.

Xarici İşlər nazirliyi Rusiyanın Avropadakı aktivlərinin dondurulmasının oğurluq olduğu qənaətindədir, çünki Avropa İttifaqı təkcə fərdi şəxslərin aktivlərini deyil, həm də Rusiyanın dövlət fondlarını hədəfə alıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   aktivlər  





Xəbər lenti