Əfv olunanlar arasında niyə qadınların sayı az olur?

  Əfv olunanlar arasında niyə    qadınların sayı az olur?
  18 Aprel 2024    Oxunub:1072
“Əfv Məsələləri Komissiyası qadınların müraciətinə xüsusi həssaslıqla yanaşır. Çalışırıq ki, onların müraciətlərini hərtərəfli nəzərdən keçirib obyektiv qiymətləndirək”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev ötən gün baş tutan ikinci iclasdan danışarkən deyib. Hüquq müdafiəçisi bildirib ki, komissiyanın birinci iclasında olduğu kimi ikinci iclasda da 100-dən çox müraciətə baxılıb.

“Cəzaçəkmə müəssisələrində 21 mindən artıq şəxs cəza çəkir. 10 minə yaxın şəxs isə azadlıqdan mərhum etmə ilə əlaqədar olamayan cəza çəkir. Bunların arasında məhkum qadınların sayı 500-ə qədərdir. Bu, çox cüzi bir faizdir.

Qadınlar o zaman azadlıqdan məhrumetmə yerlərində cəza çəkirlər ki, ağır, xüsusi ilə ağır cinayət ediblər. Az ağır və ya ictimai təhlükəsi olmayan cinayət edən qadınların azadlıqdan məhrum etmə cəzasına məhkum olduqlarının çox nadir hallarda şahidi oluruq. Qadınlar arsında cinayət törədilməsi çox da geniş yayılmayıb. Ona görə də Əfv sərəncamına düşən qadınların sayı az olur. Ancaq Əfv Məsələləri Komissiyası qadınların müraciətinə xüsusi həssaslıqla yanaşır. Çalışırıq ki, onların müraciətlərini hərtərəfli nəzərdən keçirib obyektiv qiymətləndirək”.

Ə. Nuriyev bildirib ki, onlara müraciət edənlər arasında azadlıqdan ömürlük məhrum edilmiş kişi məhbuslar da var.

“Ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin əfv edildiyinin şahidi olmuşuq. Əfv humanizm institutdur. Gələcəkdə ömürklük azadlıqdan məhrum edilmiş şəxslər də bu sərəncama düşə bilərlər”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti