İnflyasiya azalıb: Rahatlanmaq olarmı? | TƏHLİL

      İnflyasiya azalıb:    Rahatlanmaq olarmı?    | TƏHLİL
  18 Aprel 2024    Oxunub:1385
Ölkədə istehlak qiymətləri indeksinin artım sürəti, yəni inflyasiya tempi ciddi şəkildə enib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında qeyd olunan göstərici ötən ilin eyni dövrünə nisbətən 1,3%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları 0,2%, qeyri-qida məhsulları 1,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 2,7% yüksəlib. Fevralda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 1,3% artıb ki, bu zaman qida məhsulları, içkilər və tütün məmulatları üzrə sözügedən göstərici yanvarla müqayisədə 0,7, əvvəlki ilin eyni dövrünə nisbətən isə 0,2% artıb.
Ayrı-ayrı qida məhsullarından daha çox düyü, qoyun əti, təzə balıq, kəsmik, kərə və zeytun yağı, narıngi, banan, alma, armud, heyva, nar, kələm, xiyar, pomidor, balqabaq, çuğundur, sarımsaq, soğan, şəkər, araq bahalaşıb, qarabaşaq yarması, yumurta, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, portağal, yerkökü isə ucuzlaşıb. Digər qida məhsullarında isə heç bir dəyişikliklər baş verməyib.

Ərzaq və yaxud qida məhsullarını ona görə xüsusi sadaladım ki, bahalaşmanı yaradan əsasən bunlar idi. 2022-ci ildə qeyd olunan məhsullar üzrə qiymətlərin yüksəliş tempi 20%-i keçmişdi. Buna idxalın zəmin yaratdığı bildirilirdi. Lakin yerli istehsalın da ucuz başa gəlmədiyi aydın idi - ən azı o baxımdan ki, yerli istehsalda da idxal məhsullarından istifadə olunduğu məlum faktdır.

İstehlak qiymətləri indeksi keçən ildən, yəni 2023-cü ildən enməyə başlayıb. Ümumiyyətlə, inflyasiya və bahalaşmaya dair şərhlərimdə həmişə qeyd etmişəm ki, idxaldan asılı vəziyyətdə olduğumuzdan bizdə hər şey daha çox məhz xarici təsirlərdən qaynaqlanır. 2021-2022-ci illərdəki inflyasiya, bahalaşma tendensiyası da bu səbəbdən ortaya çıxmışdı. Keçən il sözügedən tendensiya qlobal miqyasda zəiflədiyindən may ayından bizdə də özünü göstərməyə başladı. Yəni, prosesin sürəti zəiflədi.

Ancaq ötən il ərzində inflyasiya ilə bahalaşma əslində, yenə istənilən həddə enmədi. Qlobal bazarlarda ucuzlaşma yanvardan müşahidə olunmağa, yəni enerjidaşıyıcıların qiymətlərindəki eniş ərzaq məhsulları üzrə ucuzlaşmaya start verməyə başlasa da, bizdə ümumi temp ilin sonuna 8,8% təşkil etdi.

Düzdür, əvvəlki illərin yekununa görə göstərici ikirəqəmli həddə idi. Odur ki, xarici və daxili amillərin təsirləri nəticəsində məhz keçən il illik inflyasiya səviyyəsi azaldı. Yəni qlobal iqtisadi aktivliyin zəifləməsi, əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davamı ölkəmizə inflyasiya idxalını məhdudlaşdırdı. Ancaq buna rəğmən, daxildə məcmu tələbin izafi artıma və xərc amillərinin aktivləşməyə meyilli olması yenə də cüzi bir səbəb axtarırdı ki, hər şey yenidən alovlansın.

Ümumiyyətlə, inflyasiyadan danışanda biz onu da nəzərə almalıyıq ki, manatın məzənnəsi yaxşı ki, inzibati yolla tənzimlənir, başqa sözlə, ölkədə “sərbəst üzən məzənnə rejimi” adlı valyuta idarəçiliyi mexanizmi hökm sürmür. Halbuki, qonşu ölkələrdə milli pul vahidlərinin ABŞ valyutasına nəzərən dəyərdən düşməsi onların real alıcılıq qabilliyətinə ciddi zərbə vurur. Bizdə isə manatın nominal və real effektiv məzənnələri artır.

Mərkəzi Bankın (AMB) cari ilə dair pul siyasətinin əsas istiqamətləri haqda Bəyanatında da yazılmışdı ki, valyuta bazarında tarazlıq inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb və ticarət tərəfdaşlarımızda məzənnənin yüksək dəyişkənliyinə rəğmən, milli valyuta sabit qalıb. "Manatın nominal effektiv məzənnəsinin bahalaşması idxal inflyasiyasına azaldıcı təsir göstərən faktordur",- Bəyanatda yazılmışdı.

Yeri gəlmişkən, cari ilin fevralın 1-nə manatın xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,3 bənd təşkil edib ki, bu, aylıq müqayisədə 0,3 bənd, ötən il fevralın 1-i ilə müqayisədə isə 7,4 bənd çoxdur. Yanvarın sonuna manatın real effektiv məzənnəsi isə 121,5 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 0,1 bənd, illik müqayisədəsə 0,1 bənd çox deməkdir.

Nominal effektiv valyuta məzənnəsi milli valyutanın bir neçə xarici valyutaya nəzərən dəyişməsi indeksidir. Bu zaman həmin valyutaların milli valyuta bazarında iştirak səviyyəsi də nəzərə alınır. Real effektiv valyuta məzənnəsi isə milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksi sayılır.

Göründüyü kimi, bizdə inflyasiyanı məhdudlaşdırıcı faktorlar çoxdur. Lakin hələ buna rəğmən, 2021-ci ildən başlayaraq o, xüsusən kənar amillərin təsirləri nəticəsində alovlu xarakter daşıyırdı. Hazırda qeyd olunan alovu yatıran da eyni faktorlardır. Yəni, əsasən, kənar təsirlərin səngiməsidir.

İnflyasiya ilə bağlı vəziyyət hər halda, yenə kövrək xarakter daşıyır; yuxarıya və aşağıya doğru təkan verə biləcək risklər bərabər gücə malik olaraq qalır. Bununla belə, inflyasiya və bahalaşmanın 2022-ci ilin ikinci yarısından etibarən başlanan nisbi səngimə prosesinin bu il də davam edəcəyi gözlənildiyindən, 2024-cü il üzrə proqnozlar dəyişməz qalır.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İnflyasiya  





Xəbər lenti