3 nəfər imtahandan uzaqlaşdırıldı

   3 nəfər imtahandan uzaqlaşdırıldı
  21 Aprel 2024    Oxunub:1251
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirib.
AzVision.az xəbər verir ki, Bakı şəhərinin Xəzər (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 203 imtahan binası, 3 510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi ayrılıb.

İmtahanda 46 169 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı, 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti