Amerikanın Azərbaycana sanksiyaları əslində Ermənistana zərbədir! - Zahid Orucdan AÇIQLAMA

Amerikanın Azərbaycana sanksiyaları əslində Ermənistana zərbədir! - Zahid Orucdan  AÇIQLAMA
  23 Aprel 2024    Oxunub:1480
Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiya sülhməramlılarını ölkədən çıxardığı, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə etdiyi bir vaxtda ABŞ Konqresinə 40 Azərbaycan rəsmisinə sanksiya verilməsi ilə bağlı layihə təqdim edilib. Bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib. Onun sözlərinə görə, təklif yunan əsilli və ermənipərəst siyasətçi-demokrat Dina Titus tərəfindən irəli sürülüb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc AzVision.az -a bildirib ki, Amerika Konqresindəki ermənipərəst qrupların Azərbaycana nifrəti ermənilərinkindən daha güclüdür:

“Amerika Konqresində illərdir ki, çox bədnam missiyalarını sanki milli ənənəyə çevirən qruplar və qüvvələr də mövcuddur. Onlar hətta bu fəaliyyətlərini sistemli şəkildə həyata keçirərək xələflərinə ötürürlər. Konqresdə erməni kokusunun üzvləri bəzən 150-yə çatır. Qurumun Frank Palloni, Adam Schiff kimi ermənipərəst üzvləri hətta Ermənistan parlamentini təmsil edirmiş kimi davranırlar. Ermənistan Parlamentinin real təmsilçiləri belə Azərbaycana qarşı onlar qədər kin tutmurlar.

Vətən Müharibəsində qələbədən sonra Amerika elitasının Azərbaycana qəzəbi ikiqat artıb. Bu, bir tərəfdən mediada ölkə rəhbərliyimizə qarşı sistemli kampaniyalar şəkilində, digər tərəfdən müxtəlif, lobbi, beyin mərkəzləri və siyasi institutlarda Azərbaycan əleyhinə aktiv fəaliyyətlər, sanksiyaların tətbiqində özünü göstərir. Amerikanın ermənipərəst qüvvələri ANCA kimi erməni milli komitələri ilə birgə aksiyalar təşkil edir, Azərbaycan səfirliyi əleyhinə propoqanda nümayiş etdirirlər”.

Onun sözlərinə görə, Konqresin ölkəmiz əleyhinə son təşəbbüsü – 40-dan artıq şəxsə qarşı sanksiyaların tətbiqi ideyası və bunula bağlı hazırladıqları qanun layihəsi əslində Amerika qanunvericiliyində tez-tez rast gəlinən hadisədir.



Zahid Orucun fikrincə, məsələnin mənəvi-siyasi təsirləri olsa da, Amerikada Azərbaycana münasibətdə fərqli maraq daşıyıcıları da çoxdur:

“Onların böyük əksəriyyəti Azərbaycanın strateji önəmini, Cənubi Qafqazda təhlükəsizlik baxımından əhəmiyyətini, ölkəmizlə neft-qaz müqavilələrinin vacibliyini dərk edirlər”.

Azərbaycana əleyhinə oxşar addımların əvvələr də tətbiq edildiyini deyən deputat qeyd etdi ki, sözügedən qüvvələr istəklərinə nail ola bilməyəcəklər:

“1989-cu ildə, hələ Azərbaycan müstəqilliyinə nail olmadığı dövrdə Amerika konqresində Qarabağın “müstəqilliyi” ilə bağlı təşəbbüslər irəli sürülmüşdü. Bununla bağlı layihələr həyata keçirilir, qətnamələr qəbul edilirdi. O vaxtkı konqresmenlərin mənəvi-siyasi “övladları” bu gün eyni tarixi ssenarini təkrarlamağa çalışırlar.

Barak Obamanın hakimiyyəti dövründə də Amerika –Azəbaycan münasibətlərində soyuqluq yaranmışdı, erməni lobbi mərkəzlərinin isə dövlət siyasətində aktivliyi artmışdı. Bu baxımdan Hikmət Mirzəyev, Əli Nağıyev və digərlərinin adları salınmış siyahı əslində sübut edir ki, Azərbaycanın güclü qüvvələri, dövlətçi insanları kimlərdir. Düşmən onları tanıyır, bu və ya digər formada bu insanları mənəvi və ya siyasi, hüquqi baxımdan sarsıtmaqla, onlara qarşı viza sanksiyaları tətbiq etməklə mövqelərindən çəkindirməyə, ölkə elitasının parçalanmağa cəhd edir. Bu isə qeyri-mümkündür”.



Zahid Oruc onu da əlavə etdi ki, Qərb agentura mərkəzlərinin, onların təmsilçilərinin Azərbaycanda ifşa olunması o deməkdir, dövlət təhlükəsizlik orqanları düzgün işləyir.

Deputatın sözlərinə görə, 40 nəfərə sanksiya tətbiq etməklə, Amerika əslində Azərbaycan qarşısında öz məğlubiyyətini etiraf edir:

“Azərbaycana qarşı sanksiya tətbiq edənlər özlərincə qələbəmizi “cəzalandırmaq” istəyirlər. Yoxsa özlərini də məğlub sayırlar?! Amerika-Azərbaycan münasibətlərinə zərbə vuracaq, regionun təhlükəsizliyinə mənfi təsir edəcək bu addımlardan mütləq şəkildə çəkinmək lazımdır. Paşinyan hökumətinin delimitasiya-demarkasiya məsələsində razılığa gəldiyi, Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı, saxta rejimin təmsilçilərinin İrəvanda fəaliyyətdən məhrum etdiyi, əməllərinə görə onlara hətta cinayət işi qaldırdığı, “Tarixi Ermənistan hazırki dövr üçün təhlükəlidir” dediyi bir vaxtda Amerika Konqresi Azərbaycana sanksiya tətbiq etməklə əslində Ermənistana və erməniçiliyə zərbə vurur, onları təhlükəyə atır. Yoxsa, nə dövlətimiz, nə ordumuz, nə də ki, xalqımız bu sanksiyalardan ziyan çəkəcək!"

Həmidə İbrahimova

AzVision.az




Teqlər:





Xəbər lenti