Heydər Əliyev Fondunda Çin rəsmisi ilə görüş keçirilib - FOTOLAR

   Heydər Əliyev Fondunda Çin rəsmisi ilə görüş keçirilib -    FOTOLAR
  29 Aprel 2024    Oxunub:848
Ölkəmizə səfər gəlmiş Çinin Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminlə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.
Heydər Əliyev Fondundan AzVision.az -a verilən məlumata görə, görüşdə iki qurum arasındakı əməkdaşlıq, eyni zamanda bu əməkdaşlığın dövlətlərarası və xalqlararası əlaqələrin inkişafına verəcəyi töhfə müzakirə edilib.

Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ötən illərdə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının rəhbərliyi ilə görüşlərini xatırladıb, iki qurum arasında imzalanan Azərbaycan-Çin dostluğunun və əməkdaşlığının genişlənməsinə dair Memorandumu, həyata keçirilən layihələri qeyd edib.

Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının Heydər Əliyev Fondunun strateji tərəfdaşı olduğu, bu il hər iki qurumun yubileyinin - Heydər Əliyev Fondunun yaradılmasının 20, Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının 70 illiyinin qeyd edilməsinin rəmzi məna daşıdığı bildirilib.

Ölkəmizə Heydər Əliyev Fondunun dəvəti ilə səfər etdiyini deyən Yan Vanmin Azərbaycan Prezidentinin Çinlə əlaqələrə xüsusi önəm verdiyini, budəfəki görüşlərin və müzakirələrin Azərbaycanla Çin arasında əməkdaşlığın genişlənməsinə əlavə təkan olacağını qeyd edib.

Görüşdə Heydər Əliyev Fondunun 20 illiyi ilə əlaqədar Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası tərəfindən Fondun prezidenti Mehriban Əliyevaya ünvanlanan təbrik məktubu təqdim olunub.

Həmçinin Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlığın əhatəsinin genişlənməsinə yönələn sahələr nəzərdən keçirilib. Dövlət səviyyəsində möhkəm təmələ söykənən əlaqələrlə yanaşı, iki xalq arasında əlaqələrin, xalq diplomatiyasının da genişlənməsinin vacibliyi vurğulanıb. Qonaq bu istiqamətdə Heydər Əliyev Fondunun böyük rol oynayacağını bildirib. Azərbaycan və Çində mədəniyyət günlərinin təşkili, mədəniyyət sahəsində müxtəlif tədbirlərin keçirilməsi, gənclərin, eyni zamanda, yeni media nümayəndələrinin qarşılıqlı səfərləri, şəhərlərarası əməkdaşlıqların artırılması təklif olunub.

Ölkəmizin bu il COP29-a ev sahibliyi müzakirə edilən məsələlərdən biri olub. Bildirilib ki, Çin Xalq Respublikası, o cümlədən Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası COP29 çərçivəsində lazımi dəstək göstərməyə və əməkdaşlığa hazırdır.

Heydər Əliyev Fondunun nümayəndə heyəti Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının 70 illiyi ilə əlaqədar tədbirlərdə iştirak üçün Çinə dəvət olunub.

Görüşdən sonra qonaqlar Heydər Əliyev Mərkəzindəki ekspozisiyalar: “Azərbaycan xalçası-ilmələrin rəqsi”, “Mini Azərbaycan”, “Musiqi alətləri: birlik və müxtəliflik”, “Klassik avtomobillər” sərgiləri ilə tanış olublar

AzVision.az

Qalereya




Teqlər: Heydər-Əliyev-Fondu   Çin   görüş  





Xəbər lenti