"Güllə sol qulağımdan girib yanağımdan çıxdı" - ADNA terrorunun şahidi
Hadisənin şahidlərindən biri, universitetin sənaye maşınları kafedrasının dosenti Hüseynli Zemfira həmin gün baş verənləri AzVision.az -a danışıb:
"Baş verənlər heç vaxt yadımdan çıxmır. Həmin gün tutqun hava var idi. 4-cü kurslar üçün imtahan sessiyası keçirilirdi. Saat 10-a işləyəndə dəhlizdən səslər eşitdim. Sanki dəmiri bir-birinə sürtürdülər. Hadisə nəticəsində qolumdan güllə yarası almışdım. İkinci dəfə isə güllə sol qulağımdan girib yanağımdan çıxmışdı".
Həmsöhbətimiz deyir ki, 2017-ci ildə universitetdə 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı olub:
"Həmin barelyefin önündən keçəndə ani də olsa hadisə ilə bağlı kimsə yadıma düşür. Dünyasını dəyişənlər içərisində mənlə bir yerdə işləyən Neft-qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Ramiz Abdullayev var idi. Onun həyat yoldaşı Zərifə Şahməmmədova ilə çox yaxın idim. Dosentimiz Məcnun Vahidov da güllə yarasından dünyasını dəyişdi. Nəzəri mexanika fakültəsinin laboratoriya müdiri Tamilla Əzizova ilə də birlikdə işləmişik. Tələbələrdən Taleh, Ayaz, Savalan, Ruslanla tanışlığım var idi".
Zemfira xanım o günlərin arxada qaldığını, hazırda universitetə giriş zamanı ciddi yoxlama aparıldığını bildirib:
" Universitetə daxil olarkən mühafizə işçiləri hər kəsi bir-bir yoxlayır. Allah dünyasını dəyişənlərin hər birinə rəhmət etsin. İnşallah bir də belə bir faciə təkrarlanmaz".
Həmidə İbrahimova
AzVision.az
Teqlər: