BVF: “Rusiya iqtisadiyyatının inkişaf tempi zəifləyəcək

   BVF: “Rusiya iqtisadiyyatının    inkişaf tempi zəifləyəcək   ”
  01 May 2024    Oxunub:677
Kremlin iddialı planlarına və prezident Vladimir Putinin vədlərinə rəğmən, Rusiya iqtisadiyyatında qarşıdakı beş ildə dünya ilə müqayisədə daha zəif inkişaf qeydə alınacaq və qlobal ÜDM-dəki payını itirməkdə davam edəcək.
AzVision.az xəbər verir ki, BVF-nin makroiqtisadi layihələnədirmə üzrə aprel ayının hesabatında 2023-cü ilin sonunda Rusiyada alıcılıq qabiliyyəti paritetinin (PPP) qlobal mal və xidmətlərin istehsalının 2,94%-ni təşkil etdiyi, lakin 2025-2029-cu illərdə bu göstəricinin tədricən 2,7%-ə düşəcəyi bildirilir.

Bu isə, ölkənin müasir tarixində minimum göstərici olacaq. Hətta 1998-ci ildə yaşanan defolt zamanı belə Rusiyanın dünya ÜDM-də payı 2,83% təşkil etmişdi.
SSRİ-nin parçalandıqdan sonra Rusiya qlobal ÜDM-in 4,48%-nə sahib olsa da, 1990-cı illərin sonunda bunun yarısını itirdi. 2000-ci illərdə neftin məzənnəsinin artması və yüz milyardlarla əmtəə dolları axını fonunda Rusiya dünya iqtisadiyyatındakı payını 2008-ci ildə 3,7%-ə qədər artıra bildi. Amma bundan sonra yenidən eniş başladı və əvvəlki səviyyələrə qayıdılmadı.

2010-cu illərin birinci yarısında Rusiya iqtisadiyyatı qlobal ÜDM-in 3,4%-ni, Krımın ilhaqından sonra - cəmi 3-3,1%-ni təşkil edirdi. BVF-nin məlumatına görə, Ukrayna ilə müharibə başlayandan sonra isə bu rəqəm son 20 ildə ilk dəfə üç faiz səviyyəsindən aşağı düşdü.

Keçən ilin sonunda Ukraynada döyüşən ordunun silahla təchizatı üçün hökumətin müdafiə zavodlarını üç növbəli iş rejiminə keçirməsindən sonra Rusiyanın Statistika idarəsi ÜDM-in 3,6% artdığını bildirdi. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, Rusiya ÜDM-i 3,2%, gələn il isə 2,3% artmalıdır. Bununla belə BVF inkişaf tempinin 2025-ci ildə 1,8%, 2029-cu ildə isə yalnız 1,3% olacağını proqnozlaşdırır.

Bəzi ekspertlərin fikrincə, büdcədən hərbi sənayeyə trilyonlarla vəsait köçürməklə və müharibə xərclərini qarşılamaq üçün vergiləri artırmaqla Kreml iqtisadiyyatı sovet modelinə sürükləyir.

“Hərbi sənaye kompleksinin məhsulları, kobud desək, iqtisadiyyatdan atılan pullardır. Adi tanklar, bombalar - bu, bir dəfə işləmiş və iqtisadiyyata geri qaytarılmayan şeydir. Tank qırıntılarından istifadə edərək yüksək texnologiyalı cihaz yaratmaq mümkün deyil ki, bununla artıma nail ola biləsən”, - iqtisadçı Aleksandra Suslina vurğulayıb.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: MVF   Rusiya  





Xəbər lenti