Fransada yol qaydalarının pozulmasına görə 2 milyard avro cərimə yığılıb

Fransada yol qaydalarının pozulmasına görə 2 milyard avro cərimə yığılıb
  01 May 2024    Oxunub:542
Fransa hakimiyyəti 2023-cü ildə yol hərəkəti qaydalarının pozulmasına görə rekord məbləğdə cərimə yığa bilib ki, bu da 2 milyard avronu keçib.
Bu barədə “Le Figaro” qəzeti ölkənin Hesablama Palatasının məlumatlarına istinadən məlumat yayıb. Cərimələrin ümumi məbləği 2022-ci illə müqayisədə 7% çox olub. Bu artım həm də son bir ildə yol hərəkəti kameralarının sayının 4530-dan 4661-ə yüksəlməsi ilə bağlıdır.

Qəzet iddia edib ki, videoçəkiliş aparatlarının ölkə daxilində mütəmadi olaraq vandalların hücumuna məruz qalmasına baxmayaraq, onlar daha tez təmir olunub. İl ərzində radarların orta hesabla 91%-i işlək vəziyyətdə olub.

Avtomobillər və yol hərəkəti ilə bağlı işlərdə ixtisaslaşmış hüquqşünas Remi Cossom nəşrə bildirib ki, bu statistikalar cərimələrin təsirinin getdikcə daha az məhdudlaşdırıcı xarakter aldığını göstərir:"Gəlirlər durmadan artır, lakin yol təhlükəsizliyi daha yaxşılaşmır. Artıq bir neçə ildir ki, eyni sayda insan yollarda ölür".

Onun fikrincə, yollarda ölüm hallarını azaltmaq üçün təkcə sürət həddinin aşılması ilə mübarizə yollarını deyil, həm də digər variantları axtarmaq lazımdır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti