Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü baş tutub

   Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü baş tutub
  01 May 2024    Oxunub:656
Ölkəmizdə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü keçirilib.
AzVision.az xəbər verir ki, dünyanın 30-dan çox ölkəsindən dini liderlərin qatıldıqları tədbirdə dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi, dindən sui-istifadə olunması hallarının qarşısının alınmasında birgə səylərin artırılması, müasir dünyanı, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə müharibələrə, qarşıdurmalara, dinlərarası ixtilaflara qarşı müxtəlif sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyi, iqlim dəyişikliyi və ekoloji böhran problemlərinə dinlərin münasibəti, media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin, ictimai və siyasi xadimlərin birgə fəaliyyəti və digər məsələlər müzakirə olunub, çağırışlar edilib, təkliflər səsləndirilib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədr müavini Rəşad Əliyarlının moderatorluğu ilə keçirilən Bakı görüşündə açılış nitqi ilə çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyanın nüfuzlu beynəlxalq qurumları – UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ICESCO və Dünya Turizm Təşkilatını tərəfdaş kimi cəlb edən yeganə platformadır. Azərbaycan Prezidentinin müəllifi olduğu, 2008-ci ildən mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlərin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, dini liderlər, nüfuzlu alim və ekspertlər arasında səmərəli fikir mübadilələrinin aparılmasına əlverişli imkan yaradıb.

Qeyd edilib ki, dünyanın humanitar ideya mərkəzlərindən biri kimi çıxış edən Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əhəmiyyətli Zirvə görüşlərinə uğurla ev sahibliyi edir. Azərbaycanın multikultural dəyərləri təşviq edən qlobal ideyaları bölgənin, həmçinin bütün bəşəriyyətin mənafeyinə xidmət göstərir.

İsa Məsih Sonuncu gün Kilsəsinin 12 həvarilər kvorumunun üzvü, ağsaqqal Devid Bednar çıxışında bildirib ki, Azərbaycanın qədim dinlərarası ənənələri var və o, multikultural ölkə kimi nümunə göstərir. Bakı Beynəlxalq Multikulturalizm Məktəbinin səmərəli fəaliyyəti ürəkaçandır.

Azərbaycanın multikultural və tolerantlıq dəyərlərinin əhəmiyyətindən danışan D.Bednar son 20 ildə 100-dən çox ölkəyə səfər etdiyini və müxtəlif mədəniyyətlərə malik insanların ortaq dəyərlərinin olduğunu dəqiqləşdirdiyini diqqətə çatdırıb.

“Sülhün bərqərar edilməsi, mədəni müxtəlifliyin qorunması baxımından sülhə, konstruktiv dialoqa ehtiyacımız var. Allaha sevgisi olanlar mütləq xilas olacaqlar”, - deyən tədbir iştirakçısı təmsil etdiyi kilsənin 17 milyon üzvü olduğunu bildirib. Vurğulayıb ki, 2023-cü ildə kilsə humanitar məqsədlər üçün bir milyard dollardan çox vəsait sərf edib. Bu vəsaitdən Türkiyəyə zəlzələ üçün və Azərbaycana mina ilə mübarizə məqsədilə kömək göstərilib.

Misirin Baş müftisi Şövqi Əllamın sözlərinə görə, dinindən və irqindən asılı olmayaraq, insanlar sülh və təhlükəsizlik şəraitində yaşamalıdırlar və biz bu istiqamətdə güclərimizi birləşdirməliyik. İnsanların bir-birini anlaması üçün mütləq dialoq olmalıdır. Nifrətdən uzaq olmalı və bunu beynəlxalq tədbirlərdə deməli, islamofobiyanın qarşısının alınmasına çalışmalıyıq.

Bakı görüşündə problemlərin həlli üçün aparılan müzakirələrin vacibliyini xüsusi vurğulayan Moskva Patriarxiyasının kilsələrarası xarici əlaqələr şöbəsinin sədri Mitropolit Antoniy isə diqqətə çatdırıb ki, milli azlıqlara qarşı ayrı-seçkilik adı altında çox hüquqlar pozulur, bu isə diktatorluğa və özbaşınalığa gətirib çıxarır.

Rusiyanın Baş ravvini Berl Lazarın fikrincə, insan övladına hörmət etmək lazımdır. Güc və zorakılıq tətbiq etməyin insanları bir-birindən uzaqlaşdırdığını deyən Baş ravvin vurğulayıb: “Fərqli dinlərdən olan insanlar, fərqli ölkələrə heç bir çətinlik olmadan səyahət edib yaşaya bilirlərsə, bu, böyük uğurdur. Fikir, ideya və təkliflərimizi səsləndirməklə bir çox problemlərə həll yolu tapa bilərik”.

Beynəlxalq İslam Xeyriyyə Fondunun Prezidenti Abdulla Əl Mətuq vurğulayıb ki, dünyada sülhün qurulmasına ciddi ehtiyac var. Qeyd edib ki, bunun üçün birlik olmalı, problemlərin həlli üçün lazımi addımlar atılmalıdır. Bəzi ölkələrdə yaşanan aclığın, yoxsulluğun aradan qaldırılması məqsədilə ciddi şəkildə müzakirələr aparılmalı, onların həll üçün dialoq kanalları qurulmalıdır.

Beynəlxalq Fiqh Akademiyasının prezidenti Əbulqasim Əl Dibaci diqqətə çatdırıb ki, Allah hər birimizi eyni yaradıb və biz bir-birimizi qəbul etməliyik.

Onun sözlərinə görə, böyük problemlər danışıqlar əsasında həllini tapır. Buna əsasən elə bir mühit yaratmalıyıq ki, əmin-amanlıq, hər bir şey bizim əlimizdə olsun. Xüsusilə də müxtəlifliyi qəbul edərək belə addım atmalıyıq.

Livan Milli Müsəlman-Xristian Mərkəzinin Baş katibi Məhəmməd Sammak deyib ki, Bakıda dünyanın 30-dan artıq dini liderlərinin toplantısı böyük əhəmiyyət daşıyır.

Türkiyənin Diyanət İşləri üzrə Komitəsinin Strateji inkişaf departamentinin sədri Mustafa Ermaklı bildirib ki, dünyada sülh və sabitliyin bərqərar olması üçün haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparılması əsas şərtdir. İnsanlıq naminə ortaq dəyərlərin önəmini qeyd edən M.Ermaklı fələstinlilər də daxil olmaqla, dünyanın hər yerində münaqişədən əziyyət çəkənlərə dəstək göstərilməsinin əhəmiyyətindən danışıb.

Şimali Kipr Türk Respublikasının Diyanət işləri sədri Ahmet Unsal təəssüflə qeyd edib ki, bəzi qüvvələr güclü olduqları üçün başqalarını əzmək həvəsindədirlər.

Daha sonra çıxış edən Pakistan Müsəlman İnstitutunun sədri Sultan Əhməd Əli, Avropa-Türk Müsəlman Birliyinin prezidenti Musa Sərdar Çələbi və digərləri tədbirin əhəmiyyətini vurğulayıb, sülh şəraitində və dinc yanaşı yaşamaq üçün qarşılıqlı anlaşmanın, dialoqun önəmini diqqətə çatdırıblar.

AzVision.az


Teqlər: VIÜmumdünyaMədəniyyətlərarasıDialoqForumu  





Xəbər lenti