Azərbaycanda qiymət artımı - Bahalaşan və ucuzlaşanlar

  Azərbaycanda qiymət artımı  - Bahalaşan və ucuzlaşanlar
  06 May 2024    Oxunub:1441
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, cari ilin mart və aprel aylarında dünya üzrə ərzaq məhsullarının qiymətləri intensiv şəkildə artıb. Qonşu ölkələrdə də qiymətlər qalxıb. Bunun Azərbaycana da təsir edəcəyi barəsində narahatlıqlar var.
Əslində vəziyyət necədir?

Milli Məclisin deputatı Vahid Əhmədov AzVision.az -a bildirib ki, süni artımların qarşısını almaq üçün 2024-cü ildə qiymətlərlə əlaqədar islahatlar aparılır.

"İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti Təşkilatı var. Həmin komitə bu işlə məşğuldur və mütəmadi monitorinqlər aparılır. Bütün bölgələrdə antiinhisar idarələri var".

Türkiyədə toyuq ətinin qiymətində artımının ölkəmizə təsiri ilə əlaqədar V. Əhmədov bildirdi ki, Azərbaycanda toyuq əti istehsalı yüksək olduğundan bahalaşma gözlənilmir. Lakin mal əti əsasən xaricdən idxal olunduğundan oradakı qiymət artımı bizim bazarlara da təsirini göstərə bilər.



"Ümumiyyətlə, birinci rübün yekunları göstərir ki, ölkədə ciddi inflyasiya yoxdur. İl ərzində inflyasiya bir rəqəmli olarsa, bahalaşma müşahidə edilə bilər" - Vahid Əhmədov əlavə edib.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, BMT-nin statistikasına görə qiymət artımı çox cüzidir:



"Yanvar-fevral aylarında yeni məhsullar dünya bazarına çıxmadığı üçün müəyyən dərəcədə mövsümi xarakterli qiymət artımları olur ki, bu da ciddi deyil. Bir müddət əvvəl isə BMT ərzaq qiymətlərinin təxminən 10 faiz düşdüyünü açıqlamışdı. Həmin vaxt qiymət dəyişmələrinin Azərbaycana ciddi təsiri olmadı. Toyuq əti və başqa ərzaq məhsullarının qiymətləri yayılan bu kimi xəbərlər fonunda artır”.

Ekspert Xalid Kərimli isə qeyd edib ki, qida məhsullarının qiyməti 2024-cü ilin mart ayında 1.6 faiz aşağı düşüb:

“Bu ilin yanvar-mart ayındakı qiymət səviyyəsi ötən ilin yanvar mart ayı ilə müqayisədə 0.7 faiz aşağı düşüb. Ümumiyyətlə son 12 ayda qiymətlər azalıb.

Bundan əvvəl biz FAO-nun qiymət indeksinə baxanda görürdük ki, 12 aylıq eniş var. Düzdür, mart-aprel ayında artım ola bilər. Qiymətlərdə eniş isə bazara 6-9 ay ərzində təsir göstərir. Aprel ayının sonuna olan məlumata görə, 0.3 faizlik artım olub".



Xalid Kərimlinin sözlərinə görə, Azərbaycan bazarında artım olmayacaq. Əksinə, buğda və un məhsullarında ucuzlaşma gözlənilir. Digər dənli bitkilərdən düyünün,eləcə də kakaonun, şokolad məhsullarının qiyməti arta bilər. Qalan istiqamətlərdə qiymətlər ya stabil qalacaq, ya da bir qədər ucuzlaşacaq”.

Həmidə İbrahimova

AzVision.az




Teqlər:





Xəbər lenti