Liderlər mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB

 Liderlər mətbuata bəyanatla çıxış ediblər  -  YENİLƏNİB
  07 May 2024    Oxunub:1057
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də mətbuata bəyanatlarla çıxış ediblə r.
AzVision.az xəbər verir ki, əvvəlcə dövlət başçısı mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı:

- Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.

Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq.

Biz bu gün cənab Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik. Eyni zamanda, bir çox sahələr üzrə aparılacaq işlərə də öz münasibətimizi bildirdik.

Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.

Təbii ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.

Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq.

Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, bizim genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaqdır və təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.

Bu gün, eyni zamanda, ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildi. Bildiyiniz kimi, bu gün Slovakiya-Azərbaycan biznes forumu keçirildi, onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər, yaşıl işıq yandırılmışdır.

Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək.

Bir sözlə, bu gün müzakirə edilmiş gündəlik kifayət qədər geniş olub. Bu, cənab Baş nazirlə mənim birinci şəxsi tanışlığımdır və eyni zamanda, biz bir çox beynəlxalq məsələlərlə əlaqədar fikir mübadiləsi apardıq və burada da fikir ayrılığı yoxdur. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Mən cənab Baş naziri yenidən Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik etdim və bildirdim ki, bu, onun fəaliyyətinə Slovakiya xalqı tərəfindən verilən böyük qiymətdir. Cənab Fitso birinci dəfə deyil ki, Baş nazir seçilib və onun yenidən seçilməsi Slovakiya xalqının müstəqilliyə, suverenliyə, milli ləyaqətə göstərdiyi münasibətin, hörmətin əlamətidir və bu seçim Slovakiya xalqının dostları kimi bizi də həddindən artıq sevindirir. Deyə bilərəm ki, cənab Fitso Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar da atılmışdır, yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik.

Bir daha, hörmətli cənab Baş nazir, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz xoş keçəcək və əməkdaşlığımız üçün yeni imkanlar açacaqdır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.

AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti