NATO Ukraynaya qoşun göndərməyəcəyinə dair sənəd qəbul edəcək - Corriere della Sera

   NATO Ukraynaya qoşun göndərməyəcəyinə dair sənəd qəbul edəcək    - Corriere della Sera
  08 May 2024    Oxunub:1042
NATO-nun iyulda keçiriləcək sammitində alyans ölkələri Ukrayna münaqişəsi ilə bağlı mühüm sənədə imza atacaqlar. NATO ölkələri bu münaqiyə birbaşa müdaxilədən imtina etməyi nəzərdə tutan bəyannaməni təsdiq edəcəklər.
Bu fikirlər “Corriere della Sera”da dərc olunan məqalədəndir.

"NATO Rusiya ilə müharibəyə başlamaq istəyir" - Taker Karlson
İtaliya qəzeti yazır ki, bəyannamə layihəsində konkret olaraq “Şimali Atlantika alyansı Ukraynada döyüşə əsgər göndərməyəcək” qeydi yer alıb. Bu isə sənədin əsas açar sayılan detallarından biri sayılır.

Bundan əlavə, sammitdə Ukrayna üzrə təmas qrupuna sədrliyin ABŞ müdafiə nazirindən NATO-nun Brüsseldəki mənzil-qərargahına verilməsi də planlaşdırılır.

NATO sammitinin iyulun 9-dan 11-dək Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron bir neçə gün öncə “The Economist”ə müsahibəsində bu mövzuda diqqət çəkən açıqlamalar vermişdi. O, Ukraynaya Qərb qoşunlarının göndərilməsi ehtimalından danışarkən deyib ki, artıq bir çox Avropa İttifaqı(Aİ) ölkələri bu məsələ ilə bağlı Fransa ilə razılığa gəlib.

Rusiya isə bundan dərhal sonra taktiki nüvə başlıqlı silahlarla təlimlərə başladığını elan etdi.

Makron fevral ayında da "Qərb ölkələri Rusiyanın qələbəsinin qarşısını almaq üçün Ukraynaya qoşun yeritmək imkanlarını araşdırır" açıqlamasını vermişdi.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Ukrayna  





Xəbər lenti