Böyük zirvələrin Fatehi

  Böyük zirvələrin Fatehi
  10 May 2024    Oxunub:1798
Adil Ağalarov

XX əsr bəşər tarixində dünyanın kəskin formada dəyişdiyi, yeni münasibətlərin və coğrafiyaların yaranması, elm, texnika, mədəniyyət, ədəbiyyat sahəsində tarixi nailiyyətlərin əldə edildiyi və bütün bunlara rəğmən istər ictimai, istərsə də dövlətlərarası münasibətlərdə ziddiyyətlərin, qarşıdurmaların, gərginliklərin pik həddə çatdığı bir dövr olmuşdur.
Tarixin çətin və həlledici mərhələlərində müəyyən bir ilahi missiyanı yerinə yetirmək, tarixin hərəkət çarxını nizama salmaq və ona yeni bir güc vermək üçün dahi şəxsiyyətlərin dünyaya gəlişinin tarixi zərurət olması, ali idrakdan bir lütf olaraq göndərildiklərı barədə konsepsiyalar hələ XIX əsrdən formalaşmağa başlamış və tam təsdiqini tapmışdır.

İnsanlar valideynlərini və doğulacağı yeri seçmir. Bu bir taledir, Tanrı qismətidir. İstər insanın özü, istər mənsub olduğu xalq, istərsə də Vətəni üçün! Həyat öz axarı, dəyişməz qanunları ilə davam edir, dünyaya milyonlarla insan gəlib-gedir. Sadə insanlar arasında müəyyən xüsusiyyətləri ilə seçilən böyük insanlar, böyük insanlar arasında isə dahi şəxsiyyətlər olur (Corc Bernard Şou).

Məhz bu cür keşməkeşli, mürəkkəb dövrdə Tanrı Azərbaycana Heydər Əliyevi bəxş etdi!

1969-2003-cü illərdə Azərbaycanın taleyi Heydər Əliyevin adı ilə birbaşa, qırılmaz tellərlə bağlı olmuş, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən – 1969-cu ildən başlamışdır.

L.Tolstoy yazırdı: “Vacib olan tutduğunuz yer, mənsəb deyil, tutduğunuz mövqe, hərəkət etdiyiniz istiqamətdir”.

Heydər Əliyev hakimiyyətə gəlişi ilə respublikanın iqtisadi potensialının dağıdılmasına, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə təsir göstərməsinə yönəlmiş qüvvələrin hər birinin qarşısını aldı.

Onun yürütdüyü qətiyyətli və uzaqgörən siyasət nəticəsində iqtisadiyyatı dərin və uzunmüddətli böhran vəziyyətində olan respublikanın bu ağır vəziyyətdən çıxması üçün yeni konseptual planlar hazırlandı, iqtisadiyyatda köklü islahatlar, struktur dəyişiklikləri aparıldı. Heydər Əliyev hələ o zaman millətin siyasi müstəqilliyinin özülünü - onun iqtisadi cəhətdən azad olması üçün mühüm olan şəraiti təmin edərək yeni üfüqlərə yol açırdı.

Kosmopolit əhvali-ruhiyyənin hökm sürdüyü bir şəraitdə Heydər Əliyev milli kadr hazırlığı, ana dilimizin inkişaf etdirilməsi, dövlət idarəetmə strukturlarında azərbaycanlılara üstünlük verilməsi istiqamətində ciddi addımlar atmış, azərbaycançılıq prinsiplərinə zidd olan məsələlərə çox böyük həssaslıqla yanaşmış, milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, hətta onun daha da inkişafı, tərəqqisi üçün qətiyyətli addımlar atmış və bütün imkanlarından maksimum istifadə etmişdir.

O, həyatının bütün dövrlərində, tutduğu hər bir vəzifədə yalnız tək amala xidmət etmiş, qarşısına bir məqsəd qoymuş, zəngin mədəniyyəti və böyük tarixi keçmişi ilə qürur duyduğu doğma Azərbaycanını zamanın ağır və sərt sınaqlarından ləyaqətlə çıxarmışdır.

Heydər Əliyev özünün intellekt, cazibə, intuisiya, cəsarət, qətiyyət, həssaslıq, ehtiyatlılıq, inandıra bilmək qabiliyyəti, xarizma, nüfuz etmək kimi bacarıq və keyfiyyətləri sayəsində uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini əvvəlcədən müəyyən edə bilmişdir. Həmçinin milli tariximiz üçün əhəmiyyət kəsb edən qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqe nümayiş etdirərək olduqca qətiyyətli addımlar atmış, şəxsiyyətindəki cəsarət çətin, mürəkkəb və həyati təhlükəli məqamlarda belə birbaşa ünsiyyət və çıxışları zamanı söylədiyi fikirlərdə öz parlaq əksini tapmışdır. Dərin məntiq üzərində qurularaq qeyri-adi təsir gücünə malik olan məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki heyrətamizliyi açıq ifadə edirdi.

Onun müdrik dövlətçilik strategiyasının məntiqi nəticəsi olaraq, mənəvi, estetik, bədii intibah iqtisadi inkişafla eyni xətdə birləşərək azərbaycançılıq məfkurəsini gerçəkləşdirmişdir.
Heydər Əliyevin milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili xüsusi diqqət mərkəzində dayanırdı. Hələ 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, dövr baxımından əsl qəhrəmanlıq nümunəsi və müstəqil Azərbaycan naminə atılmış çox əhəmiyyətli addım idi.
İdarəçilikdə Azərbaycan dilinin tətbiqinə geniş yer verilməsi, klassik şair və yazıçılarımızın əsərlərinin tərcümə edilərək çap olunması, görkəmli şəxsiyyətlərin yubiley tədbirlərinin keçirilməsi, ümumittifaq səviyyədə Azərbaycan mədəniyyətinin təbliği milli dövlətçiliyin ideya təməlini qoyan uzaqgörən siyasətin tərkib hissəsi idi.

Ulu Öndər təhsil siyasətinə hər zaman dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşmışdır. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”, -deyən dahi rəhbərin birbaşa nəzarəti ilə ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda həyata keçirilən təhsil islahatları bu sahənin sürətli inkişafı üçün zəmin yaratdı. 1 970-1980-ci illərdə respublikada 683100 şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verilmişdir ki, bu göstərici 1946-1970-ci illər ərzindəki göstəricidən 2 dəfə çox idi.

Həmin illər ərzində peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7 dəfə artmışdır.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə , yəni 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açılmış, ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artmışdır. 1970-ci ildən başlayaraq onun təşəbbüsü ilə hər il yüzlərlə gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi.

Heydər Əliyev 1970-1980-ci illər ərzində SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq gəncin təhsil alması üçün şərait yaradılmasına nail olmuş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu 1982-1987-ci illərdə bu siyasətin davam etdirilməsini təmin etmiş, “Azərbaycanın gələcəyi, Azərbaycanın milli sərvəti” kimi gördüyü tələbələrə bir valideyin qayğısı göstərərək, onların problemlərinin həlli üçün bütün imkanlarından istifadə etmişdir.

Oxuduğum ucqar kənd məktəbi də məhz həmin illərdə - 1977-ci ildə tikilib istifadəyə verilmişdi. Müasir standartlara uyğun, respublika səviyyəli idman yarışlarının keçirildiyi idman zalı, laboratoriyaları, zəngin kitabxanası və ən əsası, sözün əsl mənasında əlçatmaz müəllimləri olan həmin məktəbi qızıl medalla bitirib, 1981-ci ildə yuxarıda qeyd olunan proqram üzrə Moskva Energetika İnstitutuna daxil oldum.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin ediləndə 2-ci kursda oxuyurdum.

Yaxşı xatırlayıram, fakültənin 2-ci kurs tələbələri (təqribən 200 tələbə) mühazirə zalına toplaşmışdı, növbəti mühazirəmiz isə Marksizm-Leninizm fəlsəfəsindən idi. Müəllim auditoriyaya daxil olduqdan sonra bir az fasilə edirmiş kimi gözlədi, sonra üzünü zala tutub, soyadımı çəkərək, Azərbaycandan olan tələbənin zalda olub-olmadığını soruşdu.Ttəbii ki, ayağa qalxdım və “buradayam” dedim. Müəllim öz çantasından bir qəzet çıxararaq açdı və Heydər Əliyevin yeni təyinatı ilə bağlı məlumatı bizə çatdırdı. Sonra isə üzünü yenidən mənə tutaraq xüsusi təbrik etdi və bu təyinatın Azərbaycan üçün tarixi bir hadisə olduğunu qeyd edərək Heydər Əliyev haqqında xeyli maraqlı məlumatlar verdi. Sonra isə mənə Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, təbiəti, müasir inkişafı barədə çıxış hazırlamağı tapşırdı.

Növbəti mühazirədə Azərbaycan haqqında hazırladığım məruzədən və müəllimimizin Azərbaycan və Heydər Əliyev haqqında ürək dolusu söylədiyi sözlərdən sonra tələbə yoldaşlarımın münasibətindəki dəyişiklik və keçirdiyim hissləri heç vaxt unutmayacağam. Bu, azərbaycanlı olduğum üçün Heydər Əliyevin mənə yaşatdığı ilk böyük fəxarət hissi idi.

Heydər Əliyev zirvələri bir qartal kimi küləklərin əksinə uçaraq, müqavimətlərə sinə gərərək fəth edirdi!

İstedadlı insan nəyi bacarırsa, onu edir, dahi isə - nəyi etməlidirsə, onu.

Bəli, Heydər Əliyev tarixin onun qarşısına qoyduğu missiyanı çox aydın görür və bu yöndə nəyi etmək lazım idisə, onu da edirdi, canını belə əsirgəmədən! O, Azərbaycan naminə apardığı siyasətin məzmununu çox mükəmməl hazırladı, yön aldığı ali məqsədinə bütün varlığı ilə bağlandı, özünün bütün elm, bacarıq və texnikasını ortaya qoydu, təmkinlilik (bəzən isə hesablanmış, lakin riskli görünən), ardıcıllıq və davamlılıq prinsipləri üzərində qurulmuş müdrik siyasi gedişləri ilə böyük bir təntənənin təməlini qoydu.

A.P.Çexov: “İnsan müəyyən bir hərəkəti, işi ən az sayda hərəkətlə, cəhdlə yerinə yetirə bilirsə, bu bir lütf, zəriflikdir”.

Böyük fizik, Nobel mükafatı laureatı P.L.Kapitsanın fikirləri də bu baxımdan maraqlıdır: “Elmdə dəyişilməz olaraq müşahidə edirik ki, qanunauyğunluq nə qədər fundamental olarsa, onu ifadə etmək də bir o qədər asan olar...” Məsələn, mexanikanın əsas qanununu ifadə etmək üçün Nyutona dörd hərf lazım gəldi. Fotoeffektin kvant qanunauyğunluğunu isə A.Eynşteyn cəmi üç hərflə ifadə etdi.

Heydər Əliyevin çıxışlarını dinləyən zaman onun çox sadə, qısa, aydın cümlələrlə mürəkkəb, ciddi, cavabsız qalmış sualların necə ustalıqla həll edildiyinin, asan tərzdə cavablandırıldığının şahidi olursan. Çin atalar sözündə deyilir: “Ağac şəkli çəkirsənsə, gərək onun necə boy atdığını hiss edəsən!”

Bəli, Heydər Əliyev yaratdığı “Müstəqil Azərbaycan” əsərini işləyərkən, onu bütün varlığı ilə duymuş, onun bütün ağrılarını, problemlərini, daxilində və xaricində gedən bütün prosesləri hiss edərək, nümunəvi bir əsər yaratmışdır.

Himalay dağlarının yamaclarında yaşayan, dünyanın ən sağlam və uzunömürlü xalqı hesab edilən hunza tayfaları hər il əldə etdikləri qazancın öz zəruri ehtiyaclarından artıq qalan hissəsini götürərək dağdan aşağı enər və gətirdiklərini vadidə yaşayan ehtiyaclı insanlara paylayarlar. Əvəzində yüz il və daha çox sağlam ömür sürərlər. Qazandığı hər bir şeyi təmənnasız olaraq Azərbaycana bəxş edən dahi Heydər Əliyevin həyat və yaşam fəlsəfəsində olduğu kimi! Bircə fərq ondadır ki, həyatını, sağlamlığını, bilik-bacarığını özündən çox sevdiyi xalqına həsr edən, hər an canını belə Müstəqil Azərbaycana qurban verməyə hazır olan Ulu Öndər könüllərdə yüz illər yox, əbədi yaşayacaqdır!
“Vətən – ruhların əsir olaraq qaldıqları diyardır” (F.Volter).

Bəli, böyük şairimiz S.Vurğunun “Azərbaycan” şeirinin “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” misralarını deyərkən Ümummilli Liderimizin səsini titrədən, onu qəhərləndirən də sözün əsl mənasında bu torpağın əsiri olmuş ölməz ruhu idi!

Son illərdə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri təmin edən ecazkar ruh, sarsılmaz iradə, yenilməz cəsarət və tükənməz enerjinin qaynaqları barədə düşünərkən yunan filosofu Arximedin onun evinə soxulmuş işğalçı əsgərlərə üsyankarcasına dediyi sözlər yadıma düşür: “Mənim əsərlərimə (rəsmlərimə) toxunmayın!” İnsan öz əlləri ilə yaratdığı və bağlı olduğu varlıqlardan keçə bilməz! Azərbaycan - Heydər Əliyevin yaratdığı və bizə əmanət qoyduğu şah əsəridir. Azərbaycana uzanan yad əllərə, mənfur, çirkin niyyətlərə verilən cavab isə bu sevgidən, bu əxlaqdan, bu ruhdan doğub!

Ulu Öndər, Sizə, Sizi dünyaya bəxş edən, Sizi boya-başa çatdıran bu müqəddəs torpağa və bu gün Azərbaycanımıza Sizin əmanətiniz kimi sahib çıxaraq, yolunuzu şərəf və ləyaqətlə davam etdirərək yeni zirvələri fəth edən Liderə – İlham Əliyevə eşq olsun!

Adil Ağalarov
AzVision.az üçün


Teqlər:





Xəbər lenti