Xarkovdakı vəziyyətlə bağlı Kiyev Vaşinqtona təzyiq göstərir

   Xarkovdakı vəziyyətlə bağlı    Kiyev Vaşinqtona təzyiq    göstərir
  16 May 2024    Oxunub:1157
ABŞ-nin verdiyi silahlardan istifadə etməklə Rusiya ərazisinə zərbələr endirməyə icazə almaq üçün Kiyev Vaşinqtona təzyiq göstərməyə çalışır.
“Politico” nəşrinin ekspertləri Pol Makliri və Erin Banko yazdıqları məqalədə Kiyevin bu niyyətinin Rusiya qoşunlarının Ukraynanın Xarkov vilayətində irəliləməsi ilə bağlı olduğunu vurğulayırlar.

Onların iddiasına görə, Rusiyaya zərbələr endirməyə icazə almaq və ABŞ istehsalı olan silahların istifadəsinə qoyulmuş qadağanın ləğvi üçün Ukrayna rəsmiləri Bayden administrasiyasına təzyiq etmək yönündə yeni səylər göstərir və Vaşinqtonun bu siyasətinin onları Rusiyanın mövqelərinə hücumdan çəkindirdiyini deyirlər.

Sözügedən məsələdə ABŞ Konqresinin dəstəyini almaq üçün bu həftə Vaşinqtona səfərə gələn bir qrup ukraynalı parlamentarinin fikrincə, Kiyev Rusiyanın xaricdəki hərbi təchizat anbarlarına zərbələr endirmək niyyətində olduğu bir vaxtda Vaşinqtonun qadağası Ukraynanın hərbi səylərini ləngidir.


Vaşinqtonun siyasəti ucbatından ABŞ-nin verdiyi silahlardan qabaqlayıcı zərbə endirmək iqtidarında olmayan rəsmi Kiyev həftələrlə Rusiyanın Ukrayna sərhədi yaxınlığında öz qüvvələrini cəmləməsini izləyib. Çünki Ukraynaya uzaqmənzilli silahların göndərilməsi barədə qərar qəbul edən Byaden administrasiyası onların Rusiyaya zərbə endirmək üçün istifadə edilə bilməyəcəyi şərtini qoyub.

“Hazırda əsas problem Rusiyadakı hərbi obyektlərə zərbə endirmək imkanlarımızı Ağ Evin məhdudlaşdırmağa yönəlmiş siyasətidir”, - Ukrayna parlamentindəki hakim “Xalqın qulluqçusu” partiyasının sədri David Araxamiya çərşənbə axşamı Vaşinqtona səfəri zamanı deyib.

Silah-sursat üzrə Ukrayna parlamentinin xüsusi komissiyasının rəhbəri Aleksandra Ustinova isə eksklüziv müsahibəsində Rusiya hərbçilərinin dövlət sərhəddinin 1-2 kilomterlityndə olduqlarını, lakin buna qarşı heç nə edə bilmədiklərini vurğulayıb.


Ukraynalı parlamentarilər Ağ Evi öz kursun dəyişməyə məcbur etmək və onların dəstəyini qazanmaq üçün bu həftə Konqresin təqribən onlarla üzvü ilə görüşəcək daha böyük ukraynalı deputatlar qrupunun bir hissəsidir.

Lakin iki ABŞ rəsmisi Bayden administrasiyasının siyasətinin dəyişmədiyini təsdiqləyiblər.
“Yardım Rusiya ərazisində hücum yox, müdafiə əməliyyatları üçün nəzərdə tutulub”, - adını bildirməyən amerikalı məmurlardan biri vurğulayıb.

Rusiya ərazisində Amerika istehsalı olan silahlardan istifadəyə məhdudiyyət 2022-ci ilin fevralında münaqişə başlayandan qüvvədədir və uzun müddətdir ki, bu məqam Ukrayna rəsmilərində ciddi narazılıq doğurur.

Aleksandra Ustinovanın sözlərinə görə, ruslar “daha ağıllı olublar” , çünki onlar ukraynalıların Rusiya ərazisinə atəş açmasına məhdudiyyət qoyulduğunu bilirlər.
Lakin Böyük Britaniya Londonun analoji məhdudiyyətini bu ay artıq ləğv edib. Bunu Kiyevə səfəri çərçivəsində Böyük Britaniyanın Xarici İşlər naziri Devid Kemeron bildirib.


“Rusiya Ukraynanın daxilində zərbə endirdiyi kimi, Ukraynanın da niyə özünü müdafiə etmək üçün zərurətinə ehtiyac duyduğunu dərk edə bilərsiniz”, - Devid Kemeron deyib.

ABŞ rəsmiləri isə Moskvanın planları, habelə Pekindən əlavə sursat təchizatı və Qərbin Kiyevə dəstəyinin azaldılması nəzərər alınmaqla, Rusiyanın Ukraynada qələbə, özü də gözlənildiyindən də tez bir zamanda qələbə gətirəcəyinə inanırlar.


Qeyd edək ki, hələ mart ayında Vladimir Putin Ukraynanın Rusiyanın neft infrastrukturunu hədəf alan kiçik PUA-larının buraxılmasını çətinləşdirmək üçün Xarkov yaxınlığında bufer zona yaratmağı nəzərdən keçirdiyini söylədi. Kiyev aylardır ki, Rusiya iqtisadiyyatına zərbələr endirmək üçün məhz bu taktikadan istifadə edir.

Putin: “Biz Ukrayna ilə danışıqlara hazırıq, amma...
Bununla belə, iki gün əvvəl Vladimir Putin Moskvanın müharibənin dayandırılmasına və Ukrayna üzrə sülh danışıqlarına başlamağa həmişə hazır olduğunu bildirib. Amma Rusiyanın maraqlarının nəzərə alınması şərti ilə.

Bu şərtin Ukraynanın işğal altındakı torpaqlarının Rusiyanın əraziləri kimi tanınması olduğnun yaxşı dərk edən Kiyev, artıq bir neçə aydır ki, Rusiyanın neft obyektlərinə zərbələr endirmək üçün öz kiçik dronları vasitəsilə Rusiya ərazilərini hədəfə alır. Lakin Ukrayna rəsmiləri sərhəddə Rusiyanın hava hücumundan müdafiə sistemlərini keçmək üçün daha güclü Amerika raketlərinə ehtiyac olduğunu vurğulayırlar.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Ukrayna   ABŞ  





Xəbər lenti