Bir gecəsi 842 manatdır: Azərbaycanda bahalı istirahətin QİYMƏTİ
Eyni zamanda bəzi bölgələrə, xüsusən də Bakı, Qəbələ və Quba kimi məşhur turistik məkanlara tələbat yüksəkdir. Bu isə otel qiymətlərini artırır.
Ölkəmizdəki otellərin qiymətləri barədə araşdırma apardıq. Məlum oldu ki, qiymətlər hər ay dəyişir.
Şamaxıda yerləşən “Sakit Göl” istirahət mərkəzində iki nəfərin qalacağı otağın qiyməti 135-175 manat arasındadır. Dörd nəfərlik qiymətlər isə 205-305 manat arası dəyişir.
Qəbələdə yerləşən “Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi”ndə bir gecə üçün iki nəfərlik otağın qiyməti 438-483 manat arası təşkil edir. Beş nəfər üçün otaq qiymətlərinin bir gecəsi isə 842 manatdır. Bu qiymətə türk hamamı, səhər yeməyi, sauna daxildir. Atraksionlardan və kanatdan istifadə zamanı isə əlavə ödəniş olur.
İsmayıllının Qalacıq kəndində yerləşən “Runaway House"da da qiymətlər dəyişkəndir. Belə ki, həftənin günlərindən asılı olaraq bir gecə iki nəfərlik 170-680 manatdır.
“Marxal Resort & Spa”da bir gecə üçün otaq qiyməti 170 manatdan başlayır. Beş nəfər üçün isə tarixə əsasən gecəsi 380-420 manat arasındadır.
Qusarda yerləşən "Şahdağ" Turizm Mərkəzində hələki qiymətlər 150 manatdan başlasa da, yay sezonunda daha da artacaq. Hazırda qiymətlər 150-500 manat arası dəyişir.
Turizm eksperti Ceyhun Aşurov AzVision.az-a bildirib ki, otellərdə olan qiymət dəyişiklikləri tələbatın çox olması ilə əlaqəlidir:
"Otel sahibləri müraciətlərin çox olduğu günlərdə qiymətləri optimallaşdırmağa çalışırlar. Onlar otellərdəki xidmətləri daha yaxşı qiymətə təqdim edib, daha yaxşı qazanc əldə etmək istəyirlər.
Yay mövsümü insanların daha çox istirahət etdikləri bir mövsümdür. Ölkəmizə gələn turistlərin sayı pandemiyadan sonrakı dövrdə əvvəlki göstəricilərə çatmasa da, ildən-ilə artır. Eyni zamanda ölkə daxilində də istirahət edənlərin sayı artır. Qiymətlərdə ciddi artım olmayacaq. Çünki hər il ölkə daxilində istirahət etmək üçün alternativ yerlər açılır.
Kənd evlərinin sayı artıb. Bu da rayonlara gedən istər vətəndaşlarımız üçün, istərsə də xarici turistlər üçün daha sərfəli hesab olunur. Lakin kənd evlərində normal vaxtlarda 30-50 manata olan evlər mövsümündə 70-100 manat, hətta villalarda qiymətlər 500-600 manat olur".
Ekspertin sözlərinə görə, turistlər daha çox paytaxtdan uzaq olmayan əraziləri seçirlər:
"Burada Qəbələ, Şəki, Quba, Qusar, Qalaaltı, cənubda Lənkəran, Astara, Lerik kimi ərazilərin adlarını çəkmək olar. Ölkə daxilində tələbat yüksək olaraq qalmaqdadır.
Eyni zamanda, quru sərhədlər açıq olmasa da, vətəndaşlarımızın xarici səfərlərinin də sayı artıb. Artıq müxtəlif ölkələrə istirahət etmək üçün rahatlıqla gedə bilirlər. Hava nəqliyyatı vasitəsilə xaricdən də Azərbaycana birbaşa reyslərin açılması turistlərin sayının artmasına müsbət təsir göstərir".
Həmidə İbrahimova
AzVision.az
Teqlər: