Elektron reseptsiz dərman ala bilməyəcəksiniz - Hansı qadağalar var?

  Elektron reseptsiz dərman ala bilməyəcəksiniz  - Hansı qadağalar var?
  06 İyun 2024    Oxunub:954
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 2023-cü il 14 aprel tarixli Sərəncamına əsasən, Səhiyyə Nazirliyi 2024-cü il may ayının 1-dən etibarən ölkədə səhiyyə sahəsində rəqəmsallaşdırma çərçivəsində Elektron Resept Platformasını istifadəyə verib. Bundan sonra reseptlər sadəcə rəqəmsal, yəni elektron qaydada yazılacaq. Artıq elektron reseptsiz heç bir aptekdən dərman almaq mümkün olmayacaq. Elektron resept sistemi ölkədə dərman dövriyyəsinə nəzarət baxımından da vacibdir
Bununla bağlı AzVision.az-a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, yeni sistem vasitəsilə icbari tibbi siğorta paketinə, həkimlərin kliniki potokollarla işləməsinə də nəzarət mümkün olacaq. Onun sözlərinə görə apteklərdə antibiotiklərin satışı birmənalı olaraq qadağan olunmalıdır:

"Təəssüf ki, həkim məsləhəti olmadan dərman alıb istifadə edənlərin sayı çoxdur. Nəticədə xeyli problemlər yaşanır. Əksər ölkələrdə adətən aspirin və parasetamol marketlərdən almaq olar. Qalan bütün dərmanlar apteklərdə resept əsasında satılır”.


Hansı dərmanların respetsiz, hansılarının reseptlə verilməsi məsələsi ilə bağlı “Əczaçılar Klubu” İctimai Birliyinin sədri, əczaçı Şövqi Bünyadov bildirib ki, portalda satışa reseptsiz və reseptlə buraxılan dərmanların siyahısı göstəriləcəkdir.

"Elektron resept sistemi tədricən bütün aptekləri, xəstəxanaları əhatə edəcək. Analgin, dimedrol, Vitamin C və s. kimi dərmanların reseptsiz satışının qadağan olmasına gəlincə, bəli, bu kimi dərmanlar mütləq elektron resept yazıldıqdan sonra verilə bilər. Əks halda aptek cərimələnəcək. Dərman vasitələrinin təqibi vasitəsilə sistem reseptsiz satılan dərmanları aşkar edəcək və buna qarşı cəza tədbirlər görüləcək.

Layihəyə Səhiyyə Nazirliyi nəzarət edir. Burada 3 tərəf var: həkim, əczaçı və xəstə. Layihənin düzgün işləməsi üçün hər 3 tərəf özündə elektron kabinet yaratmalıdırlar. Təbii ki, maarifləndirici tədbirlərə ehtiyac var.

Səhiyyə Nazirliyi və TƏBİB öz resurslarından istifadə edib müvafiq tədbirlər keçirirlər. Amma bu da kifayət etmir. Çünki bu tədbirlərin əksəriyyəti onlayn keçirilir, ona görə də istənilən effekti vermir. Biz "Əczaçılar Klub"u olaraq bu layihədə öz xidmətimizi və dəstəyimizi təklif etdik və dövlət qurumları bu iş birliyinə həvəslə razı oldular. İndiyə kimi Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran və Bakı şəhərlərində adı çəkilən mövzu üzərindən konfranslar təşkil etmişik. Bu tədbirlərdə yüzlərlə həkim və əczaçı iştirak edib. Bizim dəvətimizlə layihə rəhbərləri məruzəçi kimi çıxış edirlər, iştirakçıları maraqlandıran suallara cavab verirlər. İndiyə kimi 1000-ə yaxın əczaçı və təxminən bir o qədər də həkim bizim maarifləndirici tədbirlərdən bəhrələniblər".

Ş.Bünyadovun sözlərinə görə, bəzi həkimlər elektron resept yaza bilmirlər:

"Ölkədə 100 000-ə yaxın həkim və 4000-ə yaxın əczaçı fəaliyyət göstərir. Maarifləndirici proseslər qaneedici deyil. Xəstəxanaların heç də hamısı sistemin tətbiqi üçün lazımi avadanlıqlar yoxdur. Kompüterin, müasir tipli telefonların, internetin olmaması çətinliklər yaradır. Məsələn, tədbirlərin birində həkimlər bildirdilər ki, onların iş yerində internet yoxdur. Bəziləri internetdən öz hesabına istifadə etdiklərini, bəziləri isə mobil telefonla resept yazarkən ortaya çıxan problemləri dilə gətirdilər. Məsələn, telefonla resept yazarkən zəng gələrsə, elektorn resept yarımçıq qalır ki, bu da xəstələrin narazılığına səbəb olur".

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən bildirilib ki, yaradılan Elektron Resept Sisteminin tətbiqinə artıq cari ilin yanvar ayından etibarən başlanılıb və 1 may tarixindən etibarən mərhələli şəkildə həyata keçirilir:

“Elektron Resept Plarforması çağdaş dövrün tələblərinə cavab verməklə, kağız dövriyyəsini azaldır, tibb işçilərinin və əczaçıların işlərini asanlaşdırır, eyni zamanda əhalinin dərman vasitələrinin istifadəsi ilə bağlı istehlakçı hüquqlarının qorunmasına xidmət edir. Bu baxımdan Elektron Resept Sistemi daha etibarlı və aktualdır”.

Bəzi həkimlərin elektron resept yaza bilməməsi probleminə gəldikdə isə qeyd olunub ki, əslində Elektron Resept Sisteminin istifadəsi çox sadədir:

“Sistem tibb işçiləri və əczaçıların istifadəsini rahatlaşdırmaq üçün bütün optimal həlləri ehtiva edir.

Əlavə olaraq, Elektron Resept Platformasının tətbiqinə başlamazdan öncəki və hazırkı dövrədək, mütəmadi olaraq hər gün tibb işçiləri və əczaçılar üçün təlim və vebinarlar keçirilib".

Elektron Resept Sisteminə “Reseptim” mobil tətbiqi vasitəsilə qoşulmaq mümkündür. Bunun üçün mobil cihazlardan müvafiq linkə keçib tətbiqi yükləmək kifayət edir.

App Store : https://apps.apple.com/az/app/reseptim/id6469783985
Google Play :https://play.google.com/store/apps/details?id=az.reseptim.eresept

Sistemə giriş “asan login” vasitəsilə icra edilir”.


Həmidə İbrahimova

AzVision.az


Teqlər: elektronresept   SəhiyyəNazirliyi  





Xəbər lenti