Avropa İttifaqında Mişel-Ursula qarşıdurması güclənir

   Avropa İttifaqında    Mişel-Ursula qarşıdurması    güclənir
  11 İyun 2024    Oxunub:996
Avropa Şurasının sədri Şarl Mişel Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni Aİ-də yüksək vəzifələrlə bağlı müzakirələrdən kənarlaşdırmaq istəyir.

AzVision.az xəbər verir ki, avropalı diplomatlar, məmurlar və Aİ-yə üzv olan ölkələrin hökumətlərinin təmsilçiləri arasında 7 mənbəyə istinad edən “Politico” qəzeti Avropa Şurasının prezidenti Şarl Mişelin Aİ liderlərinin icma rəhbərliyində əsas vəzifələrin müzakirə olunacağı iclasın iştirakçıları siyahısından Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni çıxarmaq istədiyi barədə məlumat yayıb. Bu məsələdə Şarl Mişelin şəxsi ambisiyalarının həlledici amil olduğu vurğulanır.

“Aİ ölkələri Şarl Mişelin Avropa Komissiyasının prezidenti vəzifəsinə seçim prosesində artan rolundan getdikcə daha çox qıcıqlanırlar. Görünür, o, sırf şəxsi motivlərlə idarə olunur”, - adının gizli saxlanması şərti ilə avropalı diplomatlardan biri “Politico”ya deyib.

Hələ bir neçə ay əvvəl Avropa mediasında Avropa Parlamentinə (AP) seçkilərdən sonra Şarl Mişelin AK-nın sədri vəzifəsinə iddialı olması barədə xəbərlər yayılmışdı.

Avroparlamentə seçkilərdə mərkəzçi çoxluq qalib gəlib
İstisna deyil ki, məhz buna görə də, seçkilərdə üzvü olduğu “Avropa Xalq Partiyası”nın səs çoxluğu qazanmasından ruhlanan Ursula fon der Lyayen dolayısı ilə öz vəzifəsində qalacağı iddiasını ehtiva edən bəyanat verib.

Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makron Ursula fon der Lyayenin daha 5 il müddətinə AK-nın sədri vəzifəsində qalmasının ən fəal əleyhdarlarından biri idi. Bu kontekstdə, onun fransız əsilli Belçika vətəndaşı olan Avropa Şurasının prezidenti Şarl Mişelin həmin vəzifəyə namizədliyini dəstəklədiyi barədə fikirlər də səslənidirlirdi. Lakin Makronun lideri olduğu “İntibah” parsiyasının AP-nə seçkilərdə rüsvayçı məğlubiyyəti onun xanım Lyayenin yenidən AK-nin sədri seçilməsinə mane olmaq imkanlarını, demək olar ki, sıfrılayır.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Mişel   Ursula  





Xəbər lenti