Fernandu Santuş ictimaiyyətə təqdim olunub

Fernandu Santuş ictimaiyyətə təqdim olunub
  13 İyun 2024    Oxunub:1074
Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş ictimaiyyətə təqdim olunub.
Təqdimat mərasimində 70 yaşlı portuqaliyalı mütəxəssisin təyinatının detalları açıqlanıb. Belə ki, AFFA rəhbərliyi Fernandu Santuşla "3+1" illik müqavilə bağlayıb. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib ki, Fernandu Santuş dünyada tanınmış baş məşqçidir və o, 2014-cü ildə Yunanıstan millisini dünya çempionatının final mərhələsinə çıxarmış təcrübəli mütəxəssisdir:

"Məqsəd 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaqdır. O da millimizin bir neçə oyununa baxıb və komandaya güvəndiyini söyləyib. İnanıram ki, onun rəhbərliyi altında müsbət nəticələr qazanacağıq".



Portuqaliyalı mütəxəssis ona göstərdiyi etimada görə AFFA rəhbərliyinə təşəkkür edib: "İşimiz barədə danışmağa kifayət qədər vaxtımız olacaq. Danışıqlar müddətində layihələr mənə maraqlı gəldi. Bu anlaşma gələcək planları bir yerdə həyata keçirmək baxımından çox önəmlidir. Buraya gəlmişəmsə, deməli, AFFA rəhbərliyi mənə inanır. İnanıram ki, tarixi nəticələrə imza atacağıq. Böyük turnirlərdə olmaq istəyirik. Başqa təkliflər də var idi, lakin bu layihəyə inandığım üçün Azərbaycan millisini seçdim".

Qeyd edək ki, Fernandu Santuş 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb. Onun son iş yeri Türkiyənin "Beşiktaş" komandası olub.

AzVision.az


Teqlər:





Xəbər lenti