Ukrayna “ağıllı dronlar” istehsalı mərkəzinə çevrilir

 Ukrayna   “ağıllı dronlar”  istehsalı mərkəzinə çevrilir
  19 İyun 2024    Oxunub:724
Ukraynadakı “ISR Defence” zavodunda istehsal olunan dronlar Rusiyanın genimiqyaslı hərbi müdaxiləsindən əvvəl olduğu kimi görünsələr də, onların içərisindəki komponentlər tamamilə fərqlidir.
AzVision.az xəbər verir ki, “The Wall Street Journal” nəşri Rusiyanın hədəfə aldığı tezliklərdən qaçmaq üçün “ISR Defence” zavodunun partlayıcı dronun naviqasiya avadanlığını, antennasını və video lentini yenilədiyini yazıb.

“Rusların tezliklərinin siqnallarının batırılması dronların yaradılmasında həlledici amildir”, - zavodun həmtəsisçisi Vadim Yunik deyib.

Nəşr qeyd edir ki, Qərb şirkətləri Ukrayna təcrübəsini öyrənmək istəyir. Çünki onların bəziləri ölkədə tədqiqat mərkəzləri yaradır, digərləri isə yerli biznesə sərmayə qoymaq və ya onlarla əməkdaşlıq etmək üçün imkanlar axtarır.

- PUA-lar Ukrayna müharibəsində mühüm alətə çevrilib. Cəbhə xəttində müşahidə və dron zərbələri demək olar ki, hər hansı bir hərəkəti bir neçə dəqiqə ərzində görmək və hədəfə almaq deməkdir. Pilotsuz təyyarələr gündə min dəfələrlə cəbhə xəttini keçirlər. Düşmənə zərbə endirmək üçün bu bacarığı qoruyub saxlamağı hər iki tərəf prioritet sayır ki, bu da müharibədə üstünlüyü təmin edə bilər”, - materialda vurğulanır.

Böyük Britaniyanın “Krallıq Birləşmiş Xidmətlər İnstitutu” analitik mərkəzinin hesabatına görə, ötən ilin yazına qədər Rusiyanın radio-elektron mübarizəsinə (REM) qarşı Ukrayna hər ay təxminən 10 min PUA sərf edirdi. REM-lərin yaratdığı tıxacın qarşısını almağın bir yolu PUA rabitəsini başqa tezliyə ötürməkdir. Lakin düşmən onu tez taparaq, bu spektrdə daimi yarışma təşkil edir.

Nəşrin yazdığına görə, Ukrayna hərbçiləri, demək olar ki, cəbhədə fəaliyyət göstərən bütün avadanlıqlarda siqnalları batıran tıxaclar quraşdırır. REM cihazları sadə avtomobil antenalarından tutmuş “futuristik tüfənglərə bənzəyən” əl toplarına qədər müxtəlif formalarda olur.

“Amma sən bir tezlikdə işləyirsən, sabah isə onlar tezliyi dəyişirlər”, - ukraynalı hərbçi, PDM-in opertaoru Aleksey Semyonov deyib.

Bununla belə, Almaniyanın yüksək texnologiyalar sahəsində ixtisaslaşan “Quantum-Systems” şirkətinin istehsal etdiyi dronlar maneələr aşkarlandıqda avtomatik şəkildə radiotezliklər arasında keçid edə bilən tezlik sıçrayışı sisteminə malikdir. Şirkətin baş direktoru Florian Zaybel şirkətin Kiyevdə dronlar yığdığını və orada 40-a yaxın işçinin çalışdığını bildirib. Şirkət həmçinin daha aqressiv siqnal batrıma taktikasından qorunmaq və PUA-ları təkmilləşdirmək üçün Avropadan ehtiyat hissələri idxal edir.

“Müharibə nə qədər uzun sürərsə, REM silahları da bir o qədər çox tələb olunacaq”, - Zaybel deyib.

Dronların tıxaclardan yayınmasının başqa bir yolu da “piksel kilidləmə”dən istifadə etməkdir. Bu zaman bir hədəfə fokuslanan PUA operator tərəfindən uzaqdan idarəetməyə ehtiyac olmadan onu izləyir.

“Pilotsuz hərəkətini davam etdirən dron tıxanacağı halda, GPS-dən istifadə etmədiyinə görə onun üçün heç bir fərq olmayacaq”, - pilotsuz təyyarələr üçün proqram təminatı yazan “Auterion” şirkətinin baş direktoru Lorenz Mayer izah edib.

Onun iddiasına görə, Çindən kənarda məhz Kiyev böyük hissələrin tədarükü zənciri və Qərb ölkələrinə nisbətən daha az sınaq məhdudiyyətləri olan qlobal dron paytaxtına çevrilib.

“ABŞ-da dron yaratmaq çətin ola bilər. Dronları hakerlərdən qorumaq və onların döyüş meydanında davamlılığını təmin etməyə yönəlik siyasət hansı hissələrin istifadə oluna biləcəyini, onların haradan alınacağını və proqram təminatının nə vaxt yenilənə biləcəyini məhdudlaşdırır. Bəzi Amerika şirkətlərinin aparat və proqram təminatı üzərində tam nəzarəti saxlamaq istəyi ilə birləşən bu siyasət o deməkdir ki, Amerika dronlarını ukraynalıların öyrəşdiyi şəkildə dəyişdirmək əksər hallarda çox çətindir”, - pilotsuz təyyarələrin işlənib hazırlanması ilə məşğul olan sahibkarlar vurğulayırlar.

Beləliklə də, Rusiya ilə hərbi qarşıdurmada Ukraynanın daha çox öz səyləri hesabına dünyanın PUA istehsalı mərkəzlərindən birinə çevrildiyi sübuta yetir.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Ukrayna   PUA  





Xəbər lenti