Milli iqtisadi anomaliya: İnflyasiya ilə iqtisadi artım arasında niyə əlaqə yoxdur? | TƏHLİL

      Milli iqtisadi anomaliya:    İnflyasiya ilə iqtisadi artım arasında niyə əlaqə yoxdur?    | TƏHLİL
  28 İyun 2024    Oxunub:4024
İqtisadiyyatın əsas qanunlarından birinə görə, artım varsa, inflyasiya da olmalıdır. Yəni, bunlar tərs mütənasib ola bilməz, əksinə, paralel xətt üzrə inkişaf etməli, özlərini qarşılıqlı tandem şəklində göstərməlidirlər. Hətta inflyasiyanın ən azı artım qədər olması məqsədəuyğun sayılır. İnkişaf etmiş ölkələrin təcrübəsi bunu sübut edir.
Ölkəmizdə anormal iqtisadi təzahürlərdən biri həmişə o olub ki, inflyasiya bəzən kəllə-çarxa qalxır, amma artım - yəni ÜDM istehsalı tənəzzülə uğrayır. Yaxud əksinə: İstehsalın həcmi artır, istehlak malları bazarında isə deflyasiya qeydə alınır. Bu bütün iqtisadi qanunlara ziddir və ciddi anomaliyadır.

Məsələn, cari ilin ilk 4 ayında, - yanvar-aprel aylarında ölkədə 38,2 milyard manatlıq (o cümlədən, qeyri neft-qaz sektorunda 24,2 milyard manatlıq) ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu uyğun olaraq 4,3, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artıq deməkdir. Bir az da əvvələ getsək, birinci rübdə ölkədə 29 milyard 96,8 milyon manatlıq, yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% çox ÜDM istehsal olunmuşdu. Qeyri neft-qaz sektoru 6,7% artaraq 18,7 milyard manat təşkil edirdi.

Diqqət yetirin: birinci rüb ərzində istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,3% aşağı olduğu halda, qeyri-qida məhsulları və əhaliyə göstərilən xidmətlər üzrə müvafiq şəkildə 1,4% və 2,5% çox olmaqla, 1% təşkil etmişdi.
İlk 4 ayda qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% aşağı olduğu halda, qeyri-qida məhsulları 1,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər 2,4% təşkil etməklə, istehlak qiymətləri indeksi 0,7%-ə bərabər olub.

Yəni, ÜDM istehsalı 4%-dən 4,3%-ə qalxdığı halda, inflyasiya 1%-dən 0,7%-ə enib. Ümumiyyətlə, martda istehlak qiymətləri indeksi fevralla müqayisədə 0,2%, ötən ilin eyni dövrünə nisbətən isə 0,4% artsa da, apreldə marta görə 0,1% azalma qeydə alınaraq, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7% olub.

Maliyyə naziri Samir Şərifov bildirib ki, apreldə qeydə alınan 0% aylıq inflyasiya yaxşı göstərici deyil, ancaq 16-17% inflyasiya da yaxşı hal deyil. "Çalışmalıyıq ki, inflyasiya təkrəqəmli - 4-5% olsun. Azərbaycan Mərkəzi Bankının inflyasiya ilə bağlı hədəfi 4-6%-dir",- nazir əlavə edib.

Bəziləri deyə bilərlər ki, bundan əvvəl 13-14%-lik inflyasiya səviyyəsi məgər, qənaətbəxş idimi? Əlbəttə, yox. Ölkəmizdə 2021-ci ildən başlayan inflyasiya və bahalaşma tendensiyasının səngiməsi sevindirici haldır. Rəqəmlərdən də göründüyü kimi, istehlak bazarında vəziyyət 3 illik fasilədən sonra normal məcraya qayıdır.

Müəllifin digər yazıları:
Yerli turizmin əsas problemi: Qiymətlər
Minimum əməkhaqqı: Saatlıq, yoxsa aylıq? | TƏHLİL
Narahat artım: Büdcəyə yenidən baxılmasının mənfi tərəfləri hansılardır? | TƏHLİL

Ancaq bir nüans var: Vətəndaşlar bunu əyani hiss etmirlər. Çünki 2021-2022-ci illərdəki bahalaşma və inflyasiya dalğası elə iz qoyub ki, məhsulların qiymətləri çox yüksəkdir. Odur ki, yuxarıdakı rəqəmlər əslində bahalaşmanın səngidiyini göstərir, ucuzlaşmanı deyil.

Bu vəziyyətin özü də ölkədə istehlak bazarı ilə iqtisadi artım arasında heç bir əlaqənin olmadığı göstəricisi sayılır. Səbəb odur ki, birinci daha çox xarici faktorlardan, idxaldan asılıdır. Ona görə də bizdə ÜDM istehsalının artımı ilə inflyasiya tərs-mütənasib görünür.

Çıxış yolu nədədir?! Vəziyyəti necə dəyişmək olar?

Əvvəlcə məsələnin kökünü araşdırmaq lazımdır. Məsələ bundadır ki, ölkədə pul-kredit siyasəti birbaşa və tam olaraq iqtisadi artıma xidmət etmir, ona görə də inflyasiya amili daim kənar təsir və təzyiqlərdən qaynaqlanır. Halbuki, pul-kredit siyasəti iqtisadi artıma xidmət göstərməklə qeyd olunan amilin özünü də idarə etməli və tənzimlənməlidir.

Ölkəmizdə istehlak məhsulları üzrə nə vaxtsa ciddi deflyasiyanın baş verdiyi nəzərə çarpıbmı?! Xeyr. Kənar qiymət artımları bizə həmişə tez təsir edir, ucuzlaşma isə yox. Niyə? Çünki, istehlak bazarımız sırf kənar istehsal və proseslərdən irəli gələn amillərə uyğun qurulub. Bunu ötənilki təcrübə də əyani göstərdi. Qlobal bazarlarda ucuzlaşma 2023-cü ilin yanvarından müşahidə olunmağa başlasa da, bizdə özünü 4-5 ay sonra göstərməklə, inflyasiya ilin sonuna 8,8% təşkil etdi.

Düzdür, sözügedən rəqəm əvvəlki illərdə ikirəqəmli həddə idi. Ancaq qlobal iqtisadi aktivliyin zəifləməsi, əmtəə, enerji və ərzaq qiymətlərində azalma səviyyəsi fonunda 8,8% heç də aşağı rəqəm deyildi. Çünki ölkəmizə inflyasiya idxalı xeyli dərəcədə məhdudlaşmışdı. Buna rəğmən, daxildə məcmu tələbin izafi artıma, xərc amillərinin isə aktivləşməyə meyilli olması cüzi səbəb və “bəhanə” axtarırdı ki, hər şey yenidən alovlansın. Eyni vəziyyət bu gün də qalmaqdadır.

Fikrimi daha sadə yolla çatdırmaq üçün qeyd edim ki, məsələn, ABŞ-da Federal Ehtiyat Sistemi bilavasitə ÜDM istehsalının həcminə baxıb pul-kredit siyasətinə düzəliş edirsə, bizdə Mərkəzi Bank ancaq inflyasiya göstəricisinə nəzər salaraq uçot dərəcəsini endirir və yaxud qaldırır. Halbuki pul-kredit siyasəti bizdə də ÜDM istehsalına xidmət etməlidir. Gec-tez biz də buna nail olmalıyıq. Ancaq təəssüf ki, manatın dəyərinin inzibati qaydada idarə olunması və saxlanılması buna mane olur.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: İnflyasiya  





Xəbər lenti