Bakıda ekoloji təmiz marşrutlar istifadəyə verildi

   Bakıda ekoloji təmiz marşrutlar istifadəyə verildi
  01 İyul 2024    Oxunub:747
Bu gündən Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.

Bildirilib ki, Hövsan qəsəbəsini (MİDA) “28 May” və “Əhmədli” metrostansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib.

121E və 140E nömrəli ekspres marşrutlar saat 06:30 – 21:00-dək fəaliyyət göstərəcək və yalnız marşrut üzrə əvvəlcədən müəyyən edilmiş dayanacaq məntəqələrində dayanacaq. Bu da sərnişinlərin daha qısa vaxt ərzində təyinat məntəqəsinə çatmasına şərait yaradacaq.

Qeyd edilib ki, marşrutlar üzrə müasir və ekoloji təmiz nəqliyyat vasitələri sərnişinlərə xidmət göstərəcək.



“28 May” metrostansiyasını Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli müntəzəm marşrutun istismarı isə müsabiqədə qalib gələn yeni daşıyıcı tərəfindən həyata keçiriləcək. Qeyd edilən marşrutlar üzrə müasir “Avro 6” standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz mühərrikli orta və böyüktutumlu avtobuslar nağdsız qaydada fəaliyyət göstərəcək.

Bundan əlavə, M.Şərifli küçəsi (Vərəm dispanseri) – Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli müntəzəm marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib.

Optimallaşdırma işləri çərçivəsində Şüvəlan – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 136 nömrəli müntəzəm marşrut ləğv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti