Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib
  04 İyul 2024    Oxunub:1098
İyulun 3-də Kapellhaus səhnəsində çilili dramaturq Pablo Manzinin “Barbarların yaşadığı yer” pyesinin təqdimatı olub
AzVision.az xəbər verir ki, tədbirdə Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti və CHARACTERS Müasir Dramaturgiya Festivalının təşkilatçısı İsmayıl İman çıxış ediblər.

Ciankarlo Alberti bildirib ki, Azərbaycanda ilk dəfədir Çili ədəbiyyatına məxsus əsərin təqdimatı keçirilir. Bu baxımdan tədbir xüsusi əhəmiyyət daşıyır. O, həmçinin gələcəkdə Çili ilə Azərbaycanın mədəni sahədə əlaqələrinin daha da genişlənəcəyinə inamını ifadə edib.

Pyes iştirakçılara Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən çatdırılıb. Əsərin oxunuşuna Rus Dram və “Yuğ” teatrının rejissoru Tural Mustafayev quruluş verib. Pyesin oxunuşundan sonra yaradıcı heyətin və tamaşaçıların iştirakı ilə müzakirələr aparılıb.

Azərbaycan Dövlət “Yuğ” Teatrının baş rejissoru Mikayıl Mikayılov, teatrşünas alimlər Aydın Talıbzadə və Vidadi Qafarov oxunuş barədə öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, Pablo Manzinin 2015-ci ildə yazdığı pyes müasir dünyada zorakılıq və qorxu mövzusunu, cəmiyyət daxilindəki sosial-siyasi fikir ayrılıqlarını gündəmə gətirir, miqrantların problemlərinə və gender kimliyinə toxunur.

Pyesi ispan dilindən Azərbaycan dilinə İlahə Əkbər tərcümə edib.





AzVision.az



Teqlər:





Xəbər lenti