Qida zəhərlənmələri niyə artıb? - Açıqlama

    Qida zəhərlənmələri niyə artıb?     -  Açıqlama
  08 İyul 2024    Oxunub:1802
Qida zəhərlənmələri qidalarla bədənə daxil olan zərərli mikroorqanizmlər, toksinlər və ya kimyəvi maddələr nəticəsində yaranan xəstəliklərdir. Bu zəhərlənmələr müxtəlif simptomlarla özünü göstərə və onların şiddəti yüngüldən ağır hala qədər dəyişə bilər. Son illər qida zəhərlənmələri ölkəmizdə də artıb. Qida məhsulları dünyanın müxtəlif yerlərindən gətirildiyi üçün, bu məhsulların istehsal, saxlama və daşınma prosesində təhlükəsizlik standartlarına riayət edilməməsi zəhərlənməyə səbəb ola bilir.
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - Yenilənib
Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova AzVision.az -a bildirib ki, qida zəhərlənmələrinin sayı günü-gündən artır:

“Bir çox hallarda zəhərlənmələrin dəqiq olaraq hansı qidadan baş verdiyi də bilinmir. Zəhərlənmələr temperatur yüksəldikcə daha çox artır. Qida qəbul edərkən mütləq mənşəyi və saxlanma şəraiti bəlli olan qidalardan istifadə edilməlidir. Evdə də məhsulların saxlanma şəraitinə fikir verilməlidir.

Son dövrdə zəhərlənmələr daha çox ət məhsulları, balıq və toyuq ətlərindən hazırlanan qidaların qəbulu zamanı baş verir. Zəhərlənmələr hər bir insanda fərqli şəkildə özünü göstərir. İmmun sistemi zəif olan insanlarda daha çox mədədə ağrı, ishal, qusma, bəzən yüksək temperatur, gözün görmə qabiliyyətinin itməsi kimi hallarla müşayiət olunur.

Keyfiyyətsiz məhsulları qəbul etdikdə orqanizmdə həzm sistemində pozulmalar, xüsusilə də bağırsaq mikroflorasının pozulması baş verir ki, bu da insanlarda immun sisteminin çökməsi və bütün xəstəliklərə asanlıqla yoluxma hallarının yaranmasına gətirib çıxardır”.

Ekspert qeyd edib ki, bəzən zəhərlənmələrə vaxtında müdaxilə olunmasa ölümlə də nəticələnə bilir:

“İmmun sistemi güclü olan insanlar bəzən zəhərlənmələri daha asan keçirir. Mütləq şəkildə qida qəbul edərkən diqqət etməliyik. Havalar artıq isinməyə başladığı üçün yaxşı olar ki, hazırladığımız qidalar birdəfəlik istehlak olunacaq qədər hazırlansın. Tərəvəz, yumurta və ətdən olan salatlar bir dəfəyə istehlak olunmalıdır. Açıq havada, otaq temperaturunda iki saatdan artıq qalan qidalar belə ölümə səbəb olur.

Yeməklər həddindən artıq çox qızardıldıqda onun tərkibindəki doymuş yağlar doymamış yağa çevrilir. Bununla da insan öz əli ilə həmin keyfiyyətli yağları trans yağa çevirmiş olur və mütəmadi olaraq bu şəkildə qidalar qəbul edən insanlarda xərçəngin yaranması daha tez baş verir. Yaxud da xroniki xəstəlikləri olan insanlarda xəstəliyin kəskinləşməsi halı baş verir”.
Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Qida   zəhərlənmə  





Xəbər lenti