Qazaxıstanın Avrasiya Milli Universitetinin əməkdaşları Ədəbiyyat Muzeyinin qonağı olublar

Qazaxıstanın Avrasiya Milli Universitetinin əməkdaşları Ədəbiyyat Muzeyinin qonağı olublar
  10 İyul 2024    Oxunub:2363
Astanada Lev Qumilyov adına Avrasiya Milli Universitetinin Qazax ədəbiyyatı kafedrasının müdiri, Qazaxıstan Respublikasının Ali Təhsil və Elm Nazirliyi tərəfindən maliyyələşdirilmiş elmi qrant layihəsinin rəhbəri Kayırbek Kemenqer həmkarları ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.
AzVision.az xəbər verir ki, qazaxıstanlı qonaqlar “Alaş dövrü ədəbiyyatı: inteqrativ folklorşünaslıq konteksti və yeni elmi paradiqma” adlı qrant layihəsi çərçivəsində elmi fəaliyyətləri ilə bağlı Azərbaycanda səfərdədirlər.

Əvvəlcə qonaqlar muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüblər. Söhbət əsnasında akademikin əsərlərinin qazax dilinə tərcüməsinin zəruriliyi qeyd edilib.

Bildirilib ki, XX əsrin əvvəllərində Qazaxıstanda milli hərəkatın liderləri tərəfindən Alaş Orda dövləti qurulub. Kayırbek Kemenqerin ulu babası Koşke Kemenqerov Alaş hərəkatının liderlərindən olub.

Daha sonra Kayırbek Kemenqer qazax dilində nəşr olunmuş, Alaş dövrü ədəbiyyatını əks etdirən məqalələrdən ibarət “Əlixan Əlemi” (UNESCO-150) kitabını və digər nəşrləri muzeyə təqdim edib. Akademik Rafael Hüseynov isə rus dilində nəşr olunmuş Azərbaycan ədəbiyyatının klassiklərindən bəhs edən “Sözün meracı”, “Məhsəti Gəncəvi. Portret-oçerk” kitablarını və muzeyin ekspozisiyasını əks etdirən bukleti qonaqlara hədiyyə edib.

Daha sonra qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.

Sonda alimlər muzeyin “Rəy kitabı”nda ürək sözlərini yazıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti