31 il öncə itkin düşən ana və övladı Saatlıda dəfn olunub
Ana və övladının nəşinin qalıqları Saatlıda izdihamla qarşılanıb, ailəsinin yaşadığı Saatlı rayon Orta Muğan kəndinə gətirilib. Vida mərasimindən sonra cənazə namazı qılınaraq, ruhlarına dualar oxunub.
Daha sonra ana və övladının nəşlərinin qalıqları dəfn üçün Saatlı rayon Orta Muğan kənd qəbiristanlığına gətirilib.
Dəfn mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələrinin üzvləri, media nümayəndələri iştirak ediblər.
Ana və övladının nəşlərinin qalıqları torpağa tapşırılıb.
Qeyd edək ki, Rəhimovlar ailəsindən 4 nəfər - 1933-cü il təvəllüdlü Rəhimov Sədri Rəhim oğlu və həyat yoldaşı Rəhimova Səfiyyə Müləzim qızı, həmçinin iki övladı - 1963-cü il təvəllüdü Rəhimov Müsaddin Sədri oğlu və 1984-cü il təvəllüdlü Rəhimov Vaqif Sədri oğlu 1993-cü il oktyabrın 22-də Zəngilanda hərbi xidmətdə olan Rəhimov Fəhlul Sədri oğlu ilə görüşə gediblər.
Onlar oktyabrın 23-də geri qayıdarkən Füzuli rayonunun Horadiz qəsəbəsində erməni hərbçilərinin hücumuna məruz qalıblar və həmin gündən itkin düşüblər. Ailənin xidmətdə olan digər üzvü Rəhimov Fəhlul Sədri oğlu da döyüşlərdə itkin düşüb və beş nəfərdən heç bir məlumat olmayıb.(AzərTac)
AzVision.az
Teqlər: