Dietoloqluqdan peşəkar qatilliyə gedən yol - Trampı vuran kimdir?

 Dietoloqluqdan peşəkar qatilliyə gedən yol    - Trampı vuran kimdir?
  15 İyul 2024    Oxunub:1310
Xəbər verdiyimiz kimi ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi, ölkənin keçmiş lideri Donald Trampa qarşı sui-qəsd törədilib.
Məlum olub ki, Donald Trampı 20 yaşlı Tomas Metyu Kruks adlı bir gənc öldürməyə çalışıb. Qatillə bağlı maraqlı məlumatlar yayılır.

CNN yazıb ki, Kruks "Bethel Park Skilled Nursing and Rehabilitation Center" adlı qocalar evində işləyirmiş. O, dietoloq köməkçisi kimi çalışıb. Tibb bacılarından biri jurnalistlərə bildirib ki, həmin yerdə axtarışlar aparılıb.

Trampın qan içində fotosu "Time" jurnalının üz qabığında
Müstəntiqlər hələlik gəncin sosial şəbəkə hesablarında cinayəti hansı səbəbdən törətməsinə dair motiv tapmayıblar. Hazırda Federal Təhqiqatlar Bürosu onun telefonunu araşdırır.

Bundan başqa, Kruks ABŞ-nin keçmiş prezidentinin mitinq təşkil etdiyi ərazidən təxminən 35 mil cənubda yerləşən Betel Parkda yaşayıb. O, 2022-ci ildə orta məktəbi bitirib və yuxari sinifdə oxuyarkən yaşıdları ona qarşı zorakılıqlar törədib, ələ salırlarmış.

Maraqlıdır ki, Kruks respublikaçı kimi qeydiyyatdan keçibmiş. Lakin əvvəllər demokratlara da dəstək olub. O, yalnız bir dəfə, 2022-ci il aralıq seçkilərində səs verib. 2024-cü il prezident seçkiləri isə Kruks üçün ilk seçki olmalı idi.

Kruksun şəxsiyyətini hadisə yerindən tapılan silah əsasında müəyyən etmək mümkün olub. Hansı ki, silah gəncin atasına aid imiş. Cəsədin üzərindən heç bir sənəd tapılmayıb. Krusksun valideynləri isə sosial işçilərdilər. Ata əvvəlcə jurnalistlərə baş verənləri araşdırmağa çalışdığını deyib. Media nümayəndələri sonradan onunla əlaqə saxlaya bilməyiblər.

Xatırladaq ki, keçmiş prezident Pensilvaniyada keçirilən mitinq zamanı başından güllə yarası alıb. Sui-qəsdə cəhd edən 20 yaşlı gənc dərhal Gizli Xidmətin əməkdaşları tərəfindən öldürülüb.

Amerika prezidenti Cozef Bayden aidiyyəti qurumlara Respublikaçılar Partiyasının qarşıdan gələn qurultayında və Trampla bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Sui-Qəsd   ABŞ  





Xəbər lenti