Tramp: "Öldüyümü düşünürdüm"

      Tramp:    "Öldüyümü düşünürdüm"
  15 İyul 2024    Oxunub:987
"Çox sürreal təcrübə idi".
AzVision.az xəbər verir ki, bu sözləri "New York Post" nəşrinə təyyarədə verdiyi müsahibəsində ABŞ-nin sui-qəsddən qurtulan sabiq prezidenti Donald Tramp söyləyib.

Respublikaçıların Milli Konqresində iştirak üçün Miluoki şəhərinə yollanan Tramp sui-qəsd anı barədə şəxsən ilk dəfə danışıb. Yeri gəlmişkən, sözügedən konqresdə onun partiyanın prezidentliyə namizədi kimi təsdiqlənməsi gözlənilir.

"Elə bir vəziyyət idi ki, özümü artıq orada hiss etmirdim. Öz-özümə deyirdim ki, ölmüşəm".

Onun sözlərinə görə, əgər seçki kampaniyasında çıxışı zamanı başını azca sağa əyməsə idi, güllə gicgahına dəyəcəkdi:

"Bəxtdənmi, yoxsa Allahın işidirmi (çox adam belə deyir), indi sağ-salamat buradayam".

Tramp müsahibədə xüsusi xidmət əməkdaşlarının sui-qəsdi törədən 20 yaşlı gənci dərhal zərərsizləşdirmələrini yüksək qiymətləndirib.

"Onu düz gözlərinin ortasından bir güllə ilə yerə sərdilər. Fantastik iş gördülər. Bu hər kəsdən ötrü sürreal vəziyyət idi".

O, yaralı halda yumruğunu qaldırarkən çəkilmiş fotosunun media və sosial şəbəkədə məşhurlaşmasından da danışıb. Tramp belə bir fotonun yaranmasını müəyyən mənada "sui-qəsd cəhdinin yeganə yaxşı tərəfi" kimi dəyərləndirib.

"Bir çox insan bildirir ki, indiyəcən gördükləri ən simvolik fotodur. Haqlıdırlar. Belə şəkil, adətən, insanın ölümü bahasına başa gəlir. Mən isə sağam", - Donald Tramp vurğulayıb.
Trampa qarşı sui-qəsd törədilib

Xatırladaq ki, dünən ABŞ yenidən prezidentliyinə namizəd Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası zamanı sui-qəsdə uğrayıb. Açılan atəş nəticəsində güllə onun qulağına dəyib. Hadisə zamanı dinləyicilər arasında qızını qorumağa çalışan mühəndis və yanğınsöndürən Kori Komperator gülləyə tuş gələrək həyatını itirib.

Sui-qəsdi törədən cinayətkar, 20 yaşlı Tomas Metyu Kruks yerindəcə zərərsizləşdirilib. Onun hadisəni həyata keçirməkdə məqsədi hələlik məlum deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Tramp   sui-qəsd  





Xəbər lenti