Tramp qisas hissi ilə hakimiyyətə gəlir - Politoloq

 Tramp qisas hissi ilə hakimiyyətə gəlir -  Politoloq
  15 İyul 2024    Oxunub:1036
Xəbər verdiyimiz kimi, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi, ölkənin keçmiş lideri Donald Trampa sui-qəsd olub. Donald Trampa sui-qəsd Penslivaniya ştatının Batler şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı törədilib. Bundan sonra qulağından yaralanan eks-prezident çıxışını dayandıraraq səhnəni tərk edib.
Maraqlıdır, bu hadisə siyasi sifariş ola bilərmi?

Politoloq Tofiq Abbasov AzVision.az -a bildirib ki, baş verən hadisə Donald Trampın siyasi fəaliyyəti ilə bağlıdır.

Tramp: "Öldüyümü düşünürdüm"
Onun sözlərinə görə, Trampın prezidentliyə keçməsini istəməyən qüvvələr son şanslarını səfərbər edirlər ki, onun növbəti uğurunun qarşısını alsınlar:

"Ağ Evə aparan yol Donald Tramp üçün açıqdır. Debatlardan sonra Co Bayden çox sönük çıxış etdi. Yəni faktiki olaraq Bayden demək olar ki, əqli müvazinatını itirmiş adamdır. Tək biz yox, bütün dünya görür ki, o, artıq prezidentlik deyil. Donald Trampın hakimiyyətə gəlməsi bəzi qüvvələri qorxudur. Amerika Birləşmiş Ştatlarında dərin hakimiyyət struktur sistemi var. O sistemin gücü məhz ötən əsrin 1960-cı illərin əvvəlində baş verdi. Onlar prezident Con Kennedini fiziki cəhətdən aradan götürdülər. O, hadisədən sonra vitse-prezident Lindon Conson hakimiyyətə gəldi. Sonra seçkilərdə Riçard Nikson qalib gələrək prezident seçildi. Fikrimcə, Riçard Nikson Amerika Birləşmiş Ştatlarındakı prezident sisteminin sonuncu magikanlarından idi. O öz səlahiyyətlərini və hakimiyyətini layiqincə yerinə yetirə bilirdi. Ondan sonra Amerikada yeni dönəm başladı. Prezident heç də son səlahiyyət sahibi deyil".

Politoloq qeyd edib ki, Donald Tramp öz davranışına və sistemdən kənar bir siyasətçi olmasına görə gözəgörünməz qüvvələr üçün problemlər törədə biləcək adamdır:

"Ona görə də çalışırlar ki, onun qarşısını alsınlar. Burada söhbət tək üzdə olan Respublikaçılar Partiyasından Demokrat partiyasının qarşıdurması deyil. Məsələ başqadır. Gözəgörünməz qüvvələr çalışırlar ki, bu baş ağrısını aradan götürsünlər. Donald Tramp birinci dəfə hakimiyyətdə olanda Amerikada miqrasiyanın qarşısının alınmasında çox böyük xidmətləri oldu. O deyir ki, Meksika ilə Amerika Birləşmiş Ştatlarının sərhədləri açıqdır, oradan milyonlarla adam gəlib, ABŞ-a daxil olur. Tramp miqrasiyaya qarşı olmadığını deyir, amma bu, gərək leqal miqrasiya olsun.

Trampın qeyri-qanuni, özbaşına hərəkətlərinin də şahidi olmuşuq. Bir imzası ilə Qüdsü İsrailin paytaxtı elan etmişdi. Onun belə qeyri-adekvat hərəkətləri dərin hakimiyyət nümayəndələrini qorxudur. Onlar çalışırlar ki, Tramp hakimiyyətə gəlməsin. Çünki indi gəlsə, həqiqətən də böyük fəsadlar gözlənilir.

Tramp həm də qisas hissi ilə hakimiyyətə gəlir. Kimlər ki, onun haqqını pozub, onun tərəfdarlarına problem yaradıb, onlara cavab verməyi vəd edir. Bu da özünəməxsus qorxunc göstəricidir. Amerika Birləşmiş Ştatları onsuz da indi dünya birliyi qarşısında bir qədər rüsvayçılıqla özünü təsdiqləyir. İstəmirlər ki, daha böyük problemlər yaşansın. Bu ona sonuncu sui-qəsd deyil. Tramp çox məsuliyyətli dönəmə qədəm qoyur".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Tramp   sui-qəsd  





Xəbər lenti