Smart dayanacaqlarda kondisionerlər niyə işləmir? - Açıqlama

   Smart dayanacaqlarda kondisionerlər niyə işləmir? -    Açıqlama
  17 İyul 2024    Oxunub:1377
Məlum olduğu kimi, Bakı şəhərinin müxtəlif ərazilərində son illərdə smart dayanacaqlar quraşdırılıb. Bu dayanacaqlar müasir texnologiyalarla təchiz olunub və sərnişinlərə bir sıra üstünlüklər təqdim edir. Bəzi dayanacaqlarda sərnişinlər üçün pulsuz Wi-Fi xidməti təmin edilir. Təhlükəsizliyi təmin etmək üçün dayanacaqlarda nəzarət kameraları quraşdırılıb.
Hətta sərnişinlərin mobil cihazlarını şarj edə bilmələri üçün USB şarj nöqtələri mövcuddur. Bəzi smart dayanacaqlar qışda isitmə, yayda isə soyutma sistemləri ilə təchiz olunur. Lakin quraşdırılmasından qısa vaxt sonra bu dayanacaqlar artıq sıradan çıxıb. Hazırda yay fəsli olmasına baxmayaraq, dayanacaqların çoxunda kondisonerlər işləmir. Bu isə qızmar havalarda sərnişinlərin işini çətinləşdirir.

Problemin nə zaman aradan qalxacağını öyrənmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.

Qurumdan AzVision.az -a bildirilib ki, AYNA tərəfindən smart dayanacaqlarla bağlı monitorinq aparılır:

2 ilə 100 smart dayanacaq quraşdırılacaq
“Bütün nöqsan və çatışmaqzlıqlar aradan qaldırılacaq”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, həmin dayanacaqlar Bakı Nəqliyyat Agentliyinin (BNA) dövründə quraşdırılmağa başlanılıb:

“Dayanacaqları quraşdıran şirkətlə müqavilə bağlanmışdı. İndi o şirkət bəlkə də öz işini düzgün icra etmir, sistemdə hər hansısa xətalar baş verir və yaxud da enerji təminatı zəif olur. Bu kimi problemlər ucbatından neqativ hallar yaşanır.

Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinə keçdiyi üçün agentlik bu məsələlərə müdaxilə etməlidir. Problem nədirsə, aradan qaldırmalıdır. Dünyanın bir çox ölkələrində bu sistem qurulur. Xüsusən iqlim şəraiti isti olan ölkələrdə smart dayanacaqlar quraşdırılır. Bu dayanacaqlar da daim işlək vəziyyətdə olmalıdır. Ərazi üzrə aidiyyatı qurumlar vaxtı-vaxtında ciddi qulluq göstərməlidir”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   smartdayanacaq   nəqliyyat  





Xəbər lenti