Husilərin hücumları Süveyş kanalının gəlirlərini azaldıb

   Husilərin hücumları Süveyş kanalının gəlirlərini azaldıb
  18 İyul 2024    Oxunub:1124
Yəməndə fəaliyyət göstərən "Husi" terrorçularının ötən ilin noyabrından bəri Qırmızı dənizdə gəmilərə hücumları nəticəsində şirkətlər təhlükəsizlik məqsədilə alternativ yollara üstünlük verməyə başlayıblar. Bu, Süveyş kanalının da illik gəlirini son maliyyə ilində 1/4 azaldıb.
AzVision.az xəbər verir ki, bu barədə Süveyş Kanalı İdarəsinin rəisi Üsamə Rəbi ABŞ Mərkəzi Komandanlığının komandiri Maykl Kurilla ilə Qahirədə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, 2023-2024 maliyyə ilində kanalın gəliri ötən dövrlə müqayisədə 9,4 milyard dollardan 7,2 milyard dollara düşüb. Kanaldan keçən gəmilərin sayı isə 25 min 911-dən 20 min 148-ə enib.

(ABŞ-nin Misirdəki səfiri xanım Herro Mustafa, ABŞ Mərkəzi Komandanlığının komandiri Maykl Kurilla və Süveyş Kanalı İdarəsinin rəisi Üsamə Rəbi)

Süveyş kanalı Misir üçün əsas xarici valyuta mənbəyidir. Hökumət son illərdə onun gəlirlərini artırmağa çalışsa da, bu və digər regional problemlər ticarət dəhlizini gəmilər üçün təhlükəli hala gətirməkdədir.
ABŞ-Britaniya qüvvələri Yəməni bombalayıb

Xatırladaq ki, husilər Qəzza zolağındakı müharibə fonunda fələstinlilərə dəstək məqsədilə Qırmızı dəniz, Ərəbistan dənizi, Ədən körfəzi və Bab-ül-məndəb boğazında gəmiləri hədəfə alırlar. ABŞ, Britaniya və Almaniya hücumlara cavabən yanvarda regiona dəniz və hava qüvvələri göndərib. Məhz ABŞ-Britaniya qüvvələri ötən günlərdə Hüdeydə Beynəlxalq Hava Limanına üç aviazərbə endirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Süveyş-kanalı   gəmiçilik   husilər  





Xəbər lenti