“Qarabağda ekoturizmin inkişafı üçün minalar tam təmizlənməlidir”

“Qarabağda ekoturizmin inkişafı üçün minalar tam təmizlənməlidir”
  18 İyul 2024    Oxunub:264
"Səma və Eko" Sosial-iqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova: “Qarabağ və Şərqi Zəngəzurda ekoturizmin inkişafı üçün öncə qanunvericilik bazası yaradılmalıdır. Ekoturizm öncə yerli əhalinin iqtisadi mənfəətinə hesablanmalıdır”
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.
Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.
Müsahibimiz "Səma və Eko" Sosial-iqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənovadır.
- Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
-Azad edilmiş ərazilərdə ətraf mühitin qorunması və ekoturistik standartlara əməl edilməsi, təbii resurslar və ekoturizm potensialından tam və düzgün yararlanmaq, zərərli antropogen təsirlərin qarşısını almaq vacib məsələlərdəndir. Ölkəmizin turizmin inkişafına imkan yaradan əsrarəngiz təbiəti var. Azərbaycanın əlverişli relyefli iqlim şəraiti istər ənənəvi turizmin, istərsə də ekoturizim inkişafına əlverişli şərait yaradır. Ölkəmizdə dağlıq ərazilər də çoxdur. Son zamanlar ekoturizmə üstünlük verən həvəskarların isə sayı artıb. Azərbaycanın turizm potensialı olan ən dilbər guşələri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində yerləşir. Çox təəssüf ki, bu ərazilər 30 illik işğal dövründə ekoloji çirklənməyə məruz qalıb. 30 il işğal altında olan Azərbaycan torpaqları başdan-başa minalanmış və ciddi şəkildə çirkləndirilmişdir. İkinci Qarabağ müharibəsindən sonra mina və partlamamış hərbi sursatlarla çirklənmənin səviyyəsi artmış və mövcud vəziyyəti daha da kəskinləşdirmişdir. Müharibə zamanı Ermənistan tərəfinin istifadə etdiyi mərmilər, bombalar, o cümlədən qanunsuz kimyəvi silahlar bu gün Qarabağdakı ekosistemi ciddi təhlükə ilə qarşı-qarşıya qoyub. Çirkləndirilən çaylar, qırılan və yandırılan meşələr, tamamilə məhv edilmiş flora və fauna, minalarla doldurulmuş torpaq qatı və s. bu gün təhdid yaradır. Öncə ərazilərimiz minalardan və partlamamış hərbi sursatlardan təmizlənməlidir. Minalardan təmizləndikdən, bölgədə infrastruktur yaradıldıqdan sonra istər kütləvi, istərsə də, ekoturizmin inkişafından danışmaq olar.
-“Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

-Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Böyük qayıdış layihəsi çərçivəsində və Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri yaşıl texnologiyalara əsaslanır.
“Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Hesab edirəm ki, Qarabağda və Şərqi Zəngəzurda ekoturizmin inkişaf etdirilməsi üçün öncə qanunvericilik bazası yaradılmalıdır. Ekoturizm öncə yerli əhalinin iqtisadi mənfəətinə hesablanmalıdır. Orada məskunlaşmış kəndli, fermer turistlərə öz xidmətini, məhsulunu təklif etməlidir. Kənd yerlərində evləri turistləri qane edəcək səviyyədə təmir olunmalıdır. Ən vacib məsələlərdən biri də medianın bu sahəyə geniş yer ayırmasıdır. Belə ki, KİV-lərlə işlər aparılmalı və ekoturizmin inkişafı üçün təbliğatı artırmaq lazımdır.

-Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var? Ümumiyyətlə maarifləndirmə tədbirləri necə olmalıdır? Hansı cərimələr tətbiq edilə bilər?

-Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Yaxşı olar ki, vətəndaş cəmiyyəti fəalları həmin bölgələrə getsinlər, insanlara səyyar xidmətlər göstərsinlər, maarifləndirici söhbətlər aparsınlar, ağacəkmə və təmizlik aksiyaları keçirsinlər. Bildiyimiz kimi artıq qanunsuz ov edənlər, biomüxtəlifliyə zərər vuranlar haqqında cəzalar tətbiq edilir və bu kimi problemlərin təkrarlanmaması üçün isə nəzarəti artırmaq lazımdır.

- Haqqında söz açdığımız bölgələrin ekoloji problemləri də turizmin daha da irəli daşınmasına, ümumilikdə bərpa, məskunlaşma işlərinə bir qədər əngəl törədir. Ekoloji problemlərin əsas qaynağı nələrdir?

- Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Əkərək Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayının suyunu zəhərləyir. Göyçə vilayətindəki Daşdəm (Daşdam) Qızıl Mədəni ildə təxminən 10.000 unsiya qızıl hasil edir. Mədən yerli su təchizatını aramsız şəkildə çirkləndirir. Mədənin çirkab sularında arsen və civə kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını da zəhərləyir. Beynəlxalq qurumlar tərəfindən də fəaliyyətinə dəfələrlə etiraz edilmiş, əleyhinə qərarlar qəbul edilmiş Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları da Bərgüşad çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası bütün tullantılarını Araz çayına axıdır ki, bu da ümumilikdə regionun ekologiyasının çirklənməsinə şərait yaradır.
Ümumiyyətlə qlobal istiləşmə ətraf mühitdə ciddi dəyişikliklərə səbəb olur. Bu dəyişikliklərin bir qismi qarşısıalınmazdır. Planetin demək olar ki, bütün ekoloji sistemləri, ilk növbədə dənizin ekologiyası zərər çəkib.
Su çatışmazlığı insanları uzaq məsafədən su gətirməyə və su ehtiyatlarını evdə saxlamağa vadar edir. Bu isə ev şəraitində suyun çirklənməsi riskini artıraraq, xəstəliklərin baş verməsinə səbəb ola bilər.
Bu il Azərbaycanda Prezident İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Eyni zamanda Azərbaycanda təşkil olunacaq COP29 da məhz iqlim dəyişiklərinin fəaliyyətinin və Paris sazişinin mahiyyətinin artırılması ilə bağlı tarixi tədbir olacaq. Hər iki mühüm hadisə Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görüləcək işlərin daha da sürətləndirilməsinə sövq edəcək.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti