Azərbaycanda vətəndaşlara harada müalicə olunmaqla bağlı seçim hüququ verildi

 Azərbaycanda vətəndaşlara  harada müalicə olunmaqla bağlı  seçim hüququ verildi
  18 İyul 2024    Oxunub:285
Azərbaycan vətəndaşları üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə planlı müayinə və müalicəyə göndərişlərin verilməsi prosesi elektronlaşdırılıb.
AzVision.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına istinadən xəbər verir ki, müqavilə əsasında tibb müəssisəsini seçməyin üç yolu var. Agentliyin müqavilə əsasında fəaliyyət göstərən tibb müəssisələrində göstərilməsi mümkün olmayan icbari tibbi sığorta hesabına göndəriş əsasında tibbi xidmət almaq üçün e-Tabib mobil tətbiqi vasitəsilə seçim imkanı yaradılacaq.

Birinci yol. Dövlət tibb müəssisəsi tərəfindən verilmiş göndəriş Agentlik tərəfindən təsdiq edildikdə, vətəndaşa 24 saat ərzində SMS vasitəsilə birdəfəlik kod göndəriləcək. Mesajda istiqamət nömrəsi göstəriləcək. Vətəndaş SMS-i aldıqdan sonra e-Tabib mobil tətbiqinin “İstiqamətlər” bölməsində müraciət edə biləcəyi müqavilə əsasında fəaliyyət göstərən tibb müəssisələrinin siyahısı ilə tanış olacaq. Bundan sonra vətəndaş siyahıdan seçim etməli və “Təsdiq et” düyməsini basmalıdır. Amma seçimi təsdiq etdikdən sonra mobil proqram vasitəsilə xəstəxananı dəyişmək mümkün olmayacaq. Göndəriş müqaviləli tibb müəssisəsi tərəfindən təsdiq edildikdə, mobil əlavədə göndərişin statusu dəyişəcək. İmtina edildiyi halda vətəndaş yenidən siyahıdan xəstəxana seçə bilər.
Vətəndaş göndərişi təsdiqləndikdən sonra 10 iş günü ərzində müqavilə bağladığı tibb müəssisəsi ilə əlaqə saxlamadıqda, göndəriş ləğv edilir. Müqavilə əsasında fəaliyyət göstərən tibb müəssisəsinə müraciət edərkən vətəndaş şəxsiyyət vəsiqəsini və göndəriş nömrəsini təqdim etməlidir.

İkinci yol. Vətəndaş SMS vasitəsilə birdəfəlik kodu aldıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən verilmiş göndərişdəki QR kodunu skan etməklə müqavilə əsasında fəaliyyət göstərən tibb müəssisələrinin siyahısı (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə tanış olacaq. Bu halda vətəndaş getmək istədiyi özəl tibb müəssisəsini müəyyən etməli və xəstəxana ilə əlaqə saxlayaraq, bu tibb müəssisəsində zəruri tibbi xidmətin göstərilməsinin mümkünlüyünü əvvəlcədən aydınlaşdırmalıdır.

Üçüncü yol. Bu seçimə əsasən, vətəndaş SMS vasitəsilə birdəfəlik kodu aldıqdan sonra Agentliyin internet saytında (https://its.gov.az) müqavilə bağladığı tibb müəssisələri (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə tanış olur və əlaqə saxlamaq istədiyi xəstəxananı təyin edir. Eyni zamanda, əvvəlcə xəstəxana ilə əlaqə saxlayaraq, bu tibb müəssisəsində lazımi tibbi xidmətlərin göstərilməsinin mümkünlüyünü aydınlaşdırmaq lazımdır.

Dövlət tibb müəssisəsi tərəfindən təqdim olunmuş göndəriş forması Agentlik tərəfindən təsdiq edilmədikdə, vətəndaşa imtinanın səbəbi barədə SMS bildiriş göndərilir.
Vətəndaş hər hansı bir sual yarandıqda Agentliyin “1542” Çağrı Mərkəzinin (1542-3) müraciət xəttinə zəng edərək məlumat ala bilər.

Qeyd edək ki, Agentliklə müqaviləsi olan bəzi özəl tibb müəssisələri elektronlaşma prosesinə qoşulub. Tədricən digər tibb müəssisələri də sistemə inteqrasiya olunacaq.
Məlumat üçün onu da bildirək ki, əvvəllər Agentlik tərəfindən təsdiqləndikdən sonra vətəndaş göndəriş almaq üçün yenidən dövlət tibb müəssisəsinə müraciət etməli idi. Bu isə əlavə vaxt itkisi və səhhətində problem olan vətəndaşların çətinliklərlə üzləşməsi problemi yaradırdı. İndiki yenilik vətəndaşların rahatlığına, tibbi xidmətlərin əlçatanlığına və şəffaflığa xidmət edir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: vətəndaşlar   sığorta   müalicə  





Xəbər lenti