“İqlim dəyişiklikləri ilə mübarizədə kosmik vasitələrin xüsusi rolu var”

   “İqlim dəyişiklikləri ilə mübarizədə kosmik vasitələrin xüsusi rolu var”
  19 İyul 2024    Oxunub:339
Hazırda dünyada aktiv müzakirə olunan mövzulardan biri də iqlim dəyişiklikləridir. Bu mövzu 2024-cü ildə daha aktiv müzakirə edilir.
Bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov bildirib. İqlim dəyişiklikləri ilə mübarizənin ümumi iş olduğunu qeyd edən Dunay Bədirxanov mətbuatın bu istiqamətdə önəmini vurğulayıb.

“İqlim dəyişiklikləri ilə mübarizədə kosmik vasitələrin xüsusi rolu var. Belə ki, kiçik ərazilərə baxdıqda bunu gözdən qaçırmaq mümkündür. Ancaq kosmik vasitələr, təsvirlər, ildən-ilə onların təkrarlanması imkan verir ki, böyük ərazilərdə bu dəyişikliklər açıq müşahidə olunsun.

Son illərdə Azərbaycanda da kosmik təsvirlərin əldə edilməsi, emalı və məlumatların əldə edilməsi olduqca inkişaf edib. Burada “Azərkosmos”un Coğrafi-informasiya sistemləri mərkəzinin xüsusi rolu var. Bu imkanlardan istifadə edərək, biz artıq bir neçə ildir ki, kosmik vasitələrdən əldə etdiyimiz təsvirlər vasitəsilə iqlim hesabatını dərc edirik.

Bu hesabatda biz həm Azərbaycanda, həm də Xəzər dənizi hövzəsində iqlim dəyişikliklərinin təsirini müşahidə edə bilirik. Bu məlumatlar ölkəmizdə müxtəlif sahələrə - ekologiya, su və digər təbii sərvətlər, həmçinin kənd təsərrüfatına və onun resurslarına təsiridir. Bu müşahidə olunan dəyişiklikləri ictimaiyyətə daha dəqiq təqdim etmək üçün “Azərkosmos” tərəfindən “climatereport.az” veb-saytını istifadəyə verdik.

Bu platforma iqlim dəyişikliklərini interaktiv şəkildə təqdim etməyə imkan verir. Bu məlumatlar ümumi ictimaiyyət nümayəndələri, həmçinin alimlər, bu sahədə araşdırma aparan elmi təşkilatlar, media nümayəndələri üçün nəzərdə tutulub”, - deyə Dunay Bədirxanov əlavə edib.


Teqlər:





Xəbər lenti