"Aİ qaz tranziti üçün Bakıya müraciət edib"

- Rusiya mətbuatı İlham Əliyevdən sitat gətirir

   "Aİ qaz tranziti üçün Bakıya müraciət edib"
  22 İyul 2024    Oxunub:846
"Azərbaycanın heç bir ölkənin qazına ehtiyacı yoxdur. Bilirsiniz, Türkmənistan qazının İran ərazisindən Azərbaycan vasitəsilə nəql edilməsi də müəyyən səbəblərdən dayandı. Buna ehtiyacımız da yoxdur. Ukrayna tərəfi və Avropa Komissiyası da bizə müraciət edib. Rusiya ilə bu baxımdan danışıqlar aparırıq".
Azərbaycan Prezidentinin Şuşada keçirilən II Qlobal Media Forumunda dilə gətirdiyi bir sıra məqam Rusiya mətbuatının da diqqətini çəkib.

"Yəqin ki, məlumatınız var, Azərbaycan Rusiya qazını satmaqda ittiham edilirdi. Bu, tamamilə yalan xəbərdir. Sizin üçün bir misal çəkim: bəli, Rusiya ilə 1 milyard kubmetr həcmində qazla bağlı müqavilə imzaladıq. Bazarlarda qiymət çox yüksək olanda Rusiya qazının qiyməti daha münasib idi və bu tamamilə kommersiya prinsipli biznes sazişi idi. Dediyim kimi, 25 milyard kubmetr ixrac edirik, yalnız 1 milyardı idxal etmişik. Burada Rusiya qazının ixracı üçün hər hansı bir kanal olmaqda ittiham edilməyimiz çox yanlış və necə deyərlər, "feyk" xəbərdir".

İ.Əliyevin sözlərindən sitat gətirən rusdilli nəşr Ukrayna müharibəsi fonunda Avropa İttifaqı tərəfindən Azərbaycana qarşı irəli sürülmüş müəyyən ittihamların, həqiqətən də, əsassız olduğunu təsdiqləyir. Digər tərəfdən, Aİ-nin Ukrayna ərazisindən Avropaya qaz ixracı ilə bağlı Bakıya təklif apardığını da vurğulayır:

"Ukrayna tərəfi və Avropa Komissiyası bizə müraciət edib. Rusiya ilə bu baxımdan danışıqlar aparırıq. Yardımçı ola bilsək, edəcəyik".

Nəşr Prezidentin ifadəsinə əsasən diqqətə çatdırır ki, "Azərbaycanın qaz tranzit kəmərləri hazırda Rusiya, İran, Gürcüstan, Türkiyə, İtaliya və başqa ölkələrə uzanmaqdadır. Odur ki Bakı Avropa və Asiya ölkələrinin yanacaqla təminatında, həqiqətən, çox ciddi mövqe tutur":

"Bir daha qeyd edirəm ki, kömək etməyə hazırıq. Biz yalnız vasitəçiyik. Başqa hər hansı mövzudan söhbət gedə bilməz".

Xatırladaq ki, Avropaya qaz nəqlinə dair Ukrayna-Rusiya müqaviləsi cari ilin sonunda başa çatacaq. Brüssel və Kiyev fərqli şərtlərlə yeni müqavilə imzalamağı planlaşdırır və Bakını müttəfiq kimi görür. Bir sıra Avropa ölkəsinin, o cümlədən Avstriya və Slovakiyanın yanacaqla bağlı taleyi məhz gözlənilən müqavilədən asılıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Azərbaycan   Rusiya   Ukrayna   qaz   müqavilə  





Xəbər lenti