Vaqif Mustafazadənin yeni lent yazısı tapılıb

   Vaqif Mustafazadənin yeni lent yazısı tapılıb
  23 İyul 2024    Oxunub:2446
Azərbaycan caz sənətinin əfsanəsi, caz-muğam janrının yaradıcısı, Əməkdar artist Vaqif Mustafazadənin bu günə kimi bəlli olmayan lent yazısı üzə çıxarılıb.
Bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi öz sosial şəbəkə hesabında məlumat verib. Bildirilib ki, lent yazısı müğənni, caz musiqisi bilicisi Tofiq Həsənsoy tərəfindən aşkar olunub. 1979-cu ildə Vaqif Mustafazadənin son konsertlərindən birində ifa olunan bu əsər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Bəstəkarlıq kafedrasının müdiri professor Aydın Əzim Kərimoğluya məxsusdur.

“Aydın K.Azim mövzusunda fantaziya” adlı əsəri V.Mustafazadə və dostları gitarada Ələsgər Abbasov (Türkiyədə yaşayır), zərb alətində Pərviz Ədib (Almaniyada yaşayır) və bas-gitarada Nazim Quliyev ifa edirlər.

Kamil Şahverdi paylaşımında yazıb: “... 45 il bundan əvvəl ifa olunan şedevr fantaziyanı ilk dəfə sizə təqdim etməkdən qürur duyuram. Bu lent yazısının üzə çıxması üçün dəyərli dostumuz, caz musiqisinin mahir bilicisi və təbliğatçısı Tofiq Həsənsoya təşəkkürlər!”.

AzVision.az


Teqlər:





Xəbər lenti