Dənizində boğulmamaq üçün nə etməli?

 Dənizində boğulmamaq üçün  nə etməli?
  24 İyul 2024    Oxunub:281
Çimərlik mövsümü başlayandan dənizdə boğulanların sayı artıb. Uşaqdan böyüyə hər kəs bu təhlükə ilə üz-üzədir.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili AzVision.az -a bildirib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də nəzarətsiz, qeyri-çimərlik ərazilərindən, habelə bölgələrimizdə suvarma kanalları, çaylar, su arxları, süni göllər və digər bu kimi su hövzələrindən istifadə hallarına rast gəlinir.

"Bu su hövzələri mürəkkəb relyefə, sürətli axına məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olduğu üçün istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükədir. Vətəndaşlar çimərlik seçimində diqqətli olsunlar. Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, xilasetmə üçün texniki vasitələr mövcud deyilsə, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini göstərir.

Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə hadisənin baş verdiyi ərazidən asılı olmayaraq müraciət daxil olarsa, biz dərhal axtarışlara cəlb olunuruq. Axtarış işlərində hər saniyə olduqca vacibdir".

Qurum rəsmisi qeyd edib ki, cari ildə 84-ü çimərlik mövsümündə olmaqla ümumilikdə 94 boğulma təhlükəsi ilə üzləşən şəxs FHN tərəfindən xilas olunub. Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən boğulma hadisəsi qeydə alınmayıb:

Təhlükəli çimərliklər açıqlandı - GETMƏYİN!
"Bu rəqəmlər onu deməyə əsas verir ki, nəzarət olunan çimərliklərdən istifadə edilməli, ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələbinə və xilasedicilərin çağırışlarına sözsüz əməl olunmalıdır. Maarifləndirmə işlərinə gəlincə, xidmət tərəfindən il boyu, xüsusən Təhsil Nazirliyinin əməkdaşları ilə birlikdə tədbir planı hazırlanmışdı. Hətta bölgələrimizdə belə həm direktorlar, həm müəllimlər, həm də təhsil alanlar ilə geniş tərkibli maarifləndirmə tədbirləri keçirilirdi. Eyni zamanda Peşə təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili ixtisası alan gənclər arasında maarifləndirmə aparılıb. Bütün bunlar təkcə çimərlik mövsümündə deyil, il boyu davam etdirilib.

Bundan başqa, xəstəxanalarda, poliklinikalarda da sularda təhlükəsizliklə bağlı mütəmadi tədbirlər keçirilir. İctimai nəqliyyatda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin dənizkənarı kütləvi marşrut xətlərinə, Bakı Metropoliteninin stansiya və qatarlarında çimərlikdə təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirici lövhələr yerləşdirilib.

Xidmətin nəzarət etdiyi çimərliklərdə 11 adda maarifləndirici lövhələr yerləşdirilib. Lakin buna baxmayaraq, hələ də təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir.

Ümumiyyətlə, son günlər Bakı şəhərində, Sabunçu, Bilgəh və Nardaran qəsəbələrində nəzarətsiz ərazidə bəzi sudaboğulma hadisələri qeydə alınır. Həmin ərazilərdən çimərlik kimi istifadə oluna bilməz.

Xüsusən 12-ci dalan, el arasında “rus çimərliyi” kimi tanınan yer və ona yaxın nəzarətsiz ərazilər olduqca təhlükəlidir. Burada təhlükə ondan ibarətdir ki, sualtı qəfləti dərinliklər var. Şimal küləklərindən sonra burada sualtı axınların sürəti artır. Bəzən də məhz bu axınlar dənizin içərisinə doğru hərəkət edir və insanları birbaşa dənizin içərisinə doğru çəkir. Bu da olduqca təhlükəlidir. Bu axınlar bəzən gözlə görünmür, ona görə də vətəndaşlar diqqətli olsunlar. Nəzarətsiz çimərliklərdən istifadə etməsinlər".

Həmidə İbrahimova
AzVision.az




Teqlər:   çimərlik   dəniz   sudaboğulma  





Xəbər lenti