Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı

  Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
  24 İyul 2024    Oxunub:299
Son günlər mediada məlumat verdiyimiz kimi, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilmişdir.
AzVision.az xəbər verir ki, bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı və 12 iyul tarixində isə birgə məlumatı yayılmışdır.
2024-cü il 12 iyul tarixli birgə məlumatda görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısının müəllif hüquqularının pozulması səbəbindən “Youtube” tərəfindən silindiyi və həmin mahnının “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarından (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) da silinməsi ilə bağlı müvafiq işlərin aparıldığı bildirilmişdi.

Görülmüş işlərin nəticəsi olaraq bildiririk ki, Agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) - https://rays.az/ texniki yardımı ilə “Youtube” administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqularının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnı “Youtube” tərəfindən “Youtube” platformasından və “CD BABY” distribütor şirkəti tərəfindən isə “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformalarından silinmişdir.

Qeyd olunanlarla yanaşı qeyd edirik ki, Harout Pamboukjianın ifa etdiyi “Aghji jan” mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı “Youtube” tərəfindən “Youtube” platformasından silinmişdir.

Bununla da “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqularının pozulması “Youtube” rəhbərliyi və “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilmişdir.

AzVision.az




Teqlər:





Xəbər lenti