“İqlim dəyişikliyinin ətraf mühitə təsiri” mövzusunda növbəti təlim keçirilib

“İqlim dəyişikliyinin ətraf mühitə təsiri” mövzusunda növbəti təlim keçirilib
  29 İyul 2024    Oxunub:430
Lənkəran rayonunda “Dəmirağac” Ekoloji İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə Kiçik Qrant Müsabiqəsinə təqdim etdiyi “Ətraf mühitin qorunmasında icma səfərbərliyi” layihəsi çərçivəsində “İqlim dəyişikliyinin ətraf mühitə təsiri” mövzusunda təlim keçirilib.
Tədbiri "Dəmirağac" Ekoloji İctimai Birliyinin sədri Rüfət Əskərov açaraq, ətraf mühitin qorunmasında icma səfərbərliyindən bəhs edib. Onun sözlərinə görə, hazırda dünyada baş verən iqlim dəyişikliyi ölkəmizdə müşahidə olunmaqdadır:

“Artıq bu məsələ kənd təsərrüfatı və digər sahələrə təsirini göstərir. Problemi aradan qaldırmaq artıq vətəndaş olaraq hər birimizin qarşısında duran başlıca vəzifələrimizdəndir. Azərbaycan fevralın 28-də qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulduğunu elan edib.

Buna uyğun olaraq, Azərbaycan 2030-cu ilə qədər qlobal metan emissiyalarının azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğunu bildirib. Metan qazının isə atmosferin ozon təbəqəsində irimiqyaslı deşiklərin əmələ gəlməsində mühüm rol oynadığı elmə çoxdan məlumdur”.

Rüfət Əskərov əlavə edib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub:



“Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur”.

Tədbirin davamında təlimçi Rahim Bağırov "İqlim dəyişikliyinin ətraf mühitə təsiri" mövzusunda nəzərdə tutulmuş 7 təlimdən sayca 6-ci təlimi keçib. Təlimdə qlobal istiləşmə, son illərdə dünya gündəmini zəbt edən uzun mübahisələrə səbəb olan elmi və siyasi bir mövzuya çevrilmisindən, iqlim dəyişikliyi nəticəsində ekstremal hava hadisələrinin sayının və baş vermə sıxlığının artması kənd təsərrüfatına əhəmiyyətli dərəcədə təsir göstərməsindən, kənd təsərrüfatı, başda ərzaq təhlükəsizliyi olmaq üzərə insanların təməl ehtiyaclarını qarşılayan bir sektor olaraq strateji önəmə sahib olmasından və iqlim dəyişikliyinin aradan qaldırılması üçün önləyici metodları icma sakinlərinin diqqətinə çatdırılıb.

Eyni zamanda cari ilin payızında ölkəmizdə keçiriləcək COP29 tədbiri haqqında məlumat verilib və tədbirin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.

Sonda təlim iştirakçılarını maraqlandırılan suallar ətraflı cavablandırılaraq, onlara müvafiq tövsiyələr verilib. Lənkəran rayonu Girdəni kənd sakini Azad Mehdiyev görülən işlər barədə öz fikrini bildirib.

AzVision.az




Teqlər: Lənkəran   Təlim  





Xəbər lenti