Milli Müdafiə Universiteti Türkiyədə ali təhsil üzrə qəbul elan edib

Milli Müdafiə Universiteti Türkiyədə ali təhsil üzrə qəbul elan edib
  29 İyul 2024    Oxunub:449
Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə Türkiyə Respublikasının ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, tələblərə cavab verən namizədlər cari ilin 2 avqust tarixinədək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması (mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilər.

Tələblər aşağıdakılardır:

Dövlət İmtahan Mərkəzi tərəfindən I, II, III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 450 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması.

Hərbi ixtisaslarla yanaşı verilən müvafiq ali peşə-ixtisasları :

- Aerokosmik mühəndislik;
- Kompüter mühəndisliyi;
- Elektrik və elektronika mühəndisliyi;
- Mexanika mühəndisliyi;
- Radiotexnika və telekommunikasiya mühəndisliyi;
- Sənaye mühəndisliyi;
- İnşaat mühəndisliyi;
- Gəmi inşaatı və gəmi mexanikası mühəndisliyi;
- Müdafiə fəaliyyətləri (menecment);
- Beynəlxalq münasibətlər;
- Tarix.

İmtiyazlar:

- 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;
- 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;
- 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;
- 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş;
- təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması (Yataqxana, qidalanma, xüsusi geyim forması və s.);
- ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təmin olunması.

Qeyd olunub ki, namizədlər müvafiq sənədlərini təqdim etməsi və ətraflı məlumat əldə etməsi üçün 03 avqust 2024-cü il tarixdə saat 15:00-da Heydər Əliyev adına Hərbi İnstitutda keçiriləcək tədbirə dəvət olunurlar.

AzVision.az



Teqlər:





Xəbər lenti