Azərbaycanda heç bir dövlətin əsgəri döyüşməyib! – Hərbi ekspert

   Azərbaycanda heç bir dövlətin əsgəri döyüşməyib! –    Hərbi ekspert
  29 İyul 2024    Oxunub:447
Vətən Müharibəsi başa çatdıqdan az sonra qardaş Türkiyə mətbuatında Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusu ilə bərabər 44 günlük Vətən Müharibəsində iştirak etməsi barədə həqiqətə uyğun olmayan iddialara rast gəlirdik. İndi isə hamımızın dərindən hörmət bəslədiyi Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Liviya və Qarabağa girdiyimiz kimi, eynisini onlara da (İsrailə - red.) edərik” bəyanatı birmənalı qarşılanmayıb.
Vətən Müharibəsi və ondan sonra baş verən prosesləri yaxından izləyən istənilən şəxsə məlumdur ki, Azərbaycan nə 44 günlük Vətən Müharibəsi, nə də ondan sonrakı müddətdə heç bir kənar ölkənin hərbi qulluqçularının döyüşlərdə iştirakından faydalanmayıb. Buna Azərbaycanın heç bir ehtiyacı da olmayıb. Qismən səfərbərliklə hərbi xidmətə çağırılan ehtiyat qüvvələrimizin böyük hissəsi döyüşlərə ümumiyyətlə cəlb edilməmişdi. Müdafiə Nazirliyinin və DSX-nın ehtiyat qüvvələrinin böyük bir hissəsi, həm də Naxçıvanda yerləşən Əlahiddə Ordunun şəxsi heyətinin 95 faizinin döyüşlərdə iştirakına ehtiyac olmamışdı. Səfərbərlik resurslarımız da kifayət qədər idi. Odur ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı döyüşlərdə hər hansı ölkənin hərbçilərinin birbaşa iştirakından söz gedə bilməz. 44 günlük Vətən Müharibəsi və ondan sonrakı dövrdə Türkiyə və Pakistan Azərbaycana yalnız siyasi və mənəvi dəstək göstəriblər.

Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə və antiterror tədbirləri zamanı 3200 nəfərə yaxın şəhid verib, 12000 nəfərə yaxın müharibə əlilimiz və 90000 nəfərə yaxın veteranımız var. Təxminən 60 min nəfərlik ehtiyat qüvvəyə malik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda gedən döyüşlərdə heç bir dövlətin silahlı qüvvələrinin şəxsi heyətinə ehtiyacı olmayıb. 44 günlük Vətən Müharibəsində şəhid olan, yaralanan və döyüşən heyət arasında bir nəfər də olsun başqa ölkənin hərbi qulluqçusunun adı yoxdur. İşğal altındakı ərazilərin azad edilməsi Azərbaycan Silahlı Qüvvələri üçün şərəf və ləyaqət məsələsi idi. Bu çətin vəzifəni Azərbaycan döyüş meydanında təkbaşına həll edib.

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə Respublikası prezidentləri arasında müttəfiqlik münasibətləri haqqında imzalanan ”Şuşa Bəyannaməsi”ndə Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbə barədə yazılıb: “Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir”.

Düşünürəm ki, hər iki ölkə rəhbərinin imzaladığı “Şuşa Bəyanamməsi”ni, təqdim edilən faktları və rəqəmləri nəzərə alaraq, bu mövzuda əlavə manipulyasiyalar etməyə zərurət qalmır.

Ədalət Verdiyev, hərbi ekspert


Teqlər: Zəfər  





Xəbər lenti