“ASAN xidmət” növbəti rəqəmsal oyun düşərgəsini reallaşdırır

“ASAN xidmət” növbəti rəqəmsal oyun düşərgəsini reallaşdırır
  30 İyul 2024    Oxunub:842
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı”nın birgə təşkilatçılığı, “Code Academy” şirkətinin dəstəyi ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “DIGIAGE - Bakı 2024” rəqəmsal oyun düşərgəsi keçiriləcək.
Agentlikdən AzVision.az -a verilən məlumata görə, məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Eləcə də onların dünya bazarına çıxmaq istiqamətində təcrübə əldə etmələrinə və yeni təşəbbüslərinə dəstək əsas hədəflərdir.

İyirmi minə yaxın gəncin iştirakı ilə dünyada doqquzuncu, ölkəmizdə isə ikinci dəfə təşkil olunacaq “DIGIAGE” düşərgəsi vasitəsilə oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstəriləcək və investisiya əsasında ekosistemi böyütmək imkanı təmin ediləcək.

Ötən il sentyabrın 7-dən 9-dək keçirilmiş ilk düşərgədə 14 komandadan müvafiq potensiallı hesab olunan 5 komandaya investisiya ayrılıb və “Bilişim Vadisi Bakı” kampusunda ödənişsiz ofis imkanları verilib. Ümumilikdə 14 komandadan 11-nə isə “Bilişim Vadisi” tərəfindən mentorluq dəstəyi verilməklə investisiya potensiallarının artırılmasına dəstək göstərilib.

Düşərgələr 2023-cü ildə “İnnovasiyalar Mərkəzi”, “Bilişim Vadisi Bakı” və “Code Academy” arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən təşkil olunur. Məqsəd texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsidir. Eyni zamanda, ölkəmizdə innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanması prioritetlərdir.

“DIGIAGE - Bakı 2024” düşərgəsində iştirak etmək istəyən şəxslər 2024-cü il avqustun 16-dək https://digiage.com.tr saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

AzVision.az



Teqlər:





Xəbər lenti