HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

   HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü
  31 İyul 2024    Oxunub:1968
Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda onun iqamətgahına edilən hücum zamanı öldürülüb.
AzVision.az İran İslam İnqilabı Keşikçiləri korpusunun bəyanaına istinad edən “Mehr” agentliyi belə xəbər yayıb.

“Fələstinin HƏMAS müqavimət hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda şəhid olub”, - məlumatda bildirilir.

Agentliyin yazdığına görə, hücum zamanı Haniyənin mühafizəçilərindən biri də həlak olub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Öz rəsmi bəyanatında rəsmi bəyanatda Siyasi Büro rəhbərinin ölümünü etiraf edən HƏMAS hərəkatı bunda İsraili günahlandırıb. Hərəkat hücumların Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirakından sonra baş verdiyini bildirib.

Xatırladaq ki, yeni Fələstin-İsrail münaqişəsi 2023-cü il oktyabrın 7-də Qəzza bölgəsindən İsrailin genişmiqyaslı raket zərbələrinə məruz qalmasından sonra başlayıb. Kütləvi atışmalardan sonra HƏMAS döyüşçüləri yəhudi dövlətinin cənubundakı sərhəd bölgələrinə daxil olaraq həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıblar. Həmin vaxt 1200-ə yaxın insan öldü, HƏMAS isə 200-dən çox israillini girov götürdü.

Buna cavab olaraq İsrailin Müdafiə Ordusu Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən “Dəmir Qılınclar” əməliyyatına başladı. Təl-Əviv həmçinin anklavın tam blokadaya alındığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə nazirliyinin məlumatına görə, İsrailin hücumu nəticəsində indiyədək 40 minə yaxın insan həlak olub, 90 mindən çox insan yaralanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: HƏMAS   Haniyə   ölüm  





Xəbər lenti