İnsanları Avropada iş adı ilə aldadanlar saxlanılıblar - VİDEO

İnsanları Avropada iş adı ilə aldadanlar saxlanılıblar -    VİDEO
  03 Avqust 2024    Oxunub:1552
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının çoxsaylı şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluqda təqsirli bilinən Ərşad Quluyev və Sevinc Aslanova saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a məlumat verilib ki, həmin şəxslər bir müddət əvvəl "Go Abroad" MMC adlı şirkət təsis edərək, müxtəlif vasitələrlə, o cümlədən sosial şəbəkədə xarici ölkələrdə yüksək məvacibli iş elanları verməyə başlayıblar.

Ərşad Quluyev və Sevinc Aslanova iş üçün onlara müraciət edən şəxsləri Almaniya, Hollandiya, İngiltərə və s. ölkələrdə iş, eləcə də viza ilə təmin edəcəklərinə dair yalan vədlər verərək, 100-ə yaxın şəxsi dələduzluq yolu ilə aldadıblar. Zərərçəkənlərin hər birindən 1000-2000 manat aralığında müxtəlif məbləğlərdə pul vəsaitləri alınıb.

Faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Ərşad Quliyev barəsində məhkəmənin qərarı ilə istintaq müddətində həbs, Sevinc Aslanova haqqında isə alternativ qətimkan tədbiri seçilib. Onlarla birlikdə dələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılmaları istiqamətində tədbirlər davam etdirilir.

"Go Abroad” MMC və bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər", - məlumatda bildirilib.

AzVision.az


Teqlər: cinayət   dələduzluq   DİN  





Xəbər lenti