800 min ukraynalı yoxa çıxıb - "Financial Times"

   800 min ukraynalı yoxa çıxıb    - "Financial Times"
  05 Avqust 2024    Oxunub:1519
Ukraynada hazırda davam edən genişmiqyaslı səfərbərlik fonunda parlamentin iqtisadi məsələlər komitəsinin rəhbəri Dmitri Nataluxa maraqlı açıqlama verib. O deyib ki, genişmiqyaslı müharibə başlayandan bəri ölkədə fəaliyyət göstərən şirkətlər hərbi xidmətə çağırış və ya kütləvi mühacirət səbəbindən işçi qüvvəsinin orta hesabla 10-20%-ni itirib. Bu il Rusiyanın yeni və fəal hücumları isə daha çox insanı ölkədən köçməyə məcbur edir.
Bu fikirlər Financial Times-da dərc olunan məqalədəndir.

Nataluxa Financial Times-a açıqlamasında qeyd edib ki, Ukraynada daha çox müəssisə işçi, resurs çatışmazlığı səbəbindən bağlanacaq. Bu isə iqtisadiyyata mənfi təsir göstərəcək. Sentyabrın sonuna qədər vəziyyətin kritik həddə çatacağı gözlənilir.

Yeni briqadalar Kiyevi xilas edəcəkmi? - ISW "təchizat böhran"ından yazdı
“Siz 1 milyon insanı səfərbər edə bilərsiniz. Ancaq onları silahlandırmaq üçün imkanlarınız, resurslarınız yoxdursa, bu tədbirlərin mənası da qalmır. Əgər iqtisadiyyat çöksə, ordumuz bu müəyyən mənada müdafiəsiz qalacaq”, - deyə deputat vurğulayıb.

Məqalədə o da vurğulanıb ki, iqtisadi ehtiyatlar haqqında qanun layihəsinin qəbulu 895 min nəfəri iş yerində saxlamağa imkan verəcək və bu qanun hərbçilərə təxminən 200 milyon qrivna qazandıracaq.

Nataluxa Macarıstanın baş nazirinin Avropa İttifaqından gələn yardımılara dəfələrlə mane olmasına da toxunub: "Hərbçilər üçün nəzərdə tutulan 200 milyon stabil ödənişlər olacaq. Bu, Viktor Orbanın səhərlər hansı əhval-ruhiyyədə oyanmasından və ya ABŞ-nin növbəti prezidentinin kimin olacağından asılı məsələ deyil".

Lakin cəbhədə əsgər qıtlığını nəzər alan mütəxəssislər belə bir təklifin xeyli mübahisələrə və tənqidlərə səbəb olduğunu deyirlər. Eyni zamanda, sırf maliyyəyə əsaslanan hərbi xidmətə çağırış sistemi hazırkı şəraitdə bir qədər ədalətsiz görünür.

Nataluxanın sözlərinə görə, hazırda təxminən 800 min kişi ordudan yayınmaq üçün ünvanlarını dəyişdirmək və ya digər tədbirlərə əl ataraq yoxa çıxıb.

Xatırladaq ki, ötən ay Ukraynanın səfərbərlik fonunda bir neçə yeni briqada yaratması barədə məlumatlar yayılmışdı. Lakin Kiyev tərəfdaşlardan gələn yardımların gecikməsi səbəbindən bu briqadaları lazımi səviyyədə silahlandıra bilməyəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Səfərbərlik  





Xəbər lenti