Zelenski müharibənin tezliklə bitməsini istəyir

   Zelenski müharibənin    tezliklə bitməsini    istəyir
  06 Avqust 2024    Oxunub:1160
Artıq bu il Rusiya ilə sülhün bağlanması üçün zəmin hazırlamaq lazımdır.
Rusiya mediasında yayımlanan məlumata istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelneski növbəti müraciətində belə deyib.

“Bizim dəyişməz məqsədimiz bu il münaqişəyə ədalətli şəkildə son qoyulması üçün real zəmin hazırlamaqdır”, - Ukrayna prezidenti vurğulayıb.

Daha əvvəl Volodimir Zelenski mövcud vəziyyətin həlli üçün bütün dünyanın və özünün də Ukraynada sülh üzrə növbəti beynəlxalq konfransda Rusiyanın iştirak etməsini istədiyini bildirib.

Xatırladaq ki, iyunun ortalarında Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişəyə son qoymaq təşəbbüsü ilə çıxış edib. Lakin, o, danışıqlara başlamaq üçün Ukraynanın öz qoşunlarını Rusiyanın ələ keçirdiyi və rəsmi qaydada özünə birləşdirdiyi Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən çıxarması tələbini irəli sürüb. Yalnız bu şərt qəbul olunduqdan sonra Kreml hərbi əməliyyatların dərhal dayandırılacağını bildirib.
Bundan əlavə, Kiyevin NATO-ya üzv olmaq planlarından imtina etməsi barədə rəsmi məlumat verməsi tələbi də qoyulur. Belə ki, nizamlanma üçün Moskva qonşu ölkənin neytral, bloklara qoşulmamaq, nüvə silahından azad statusunun zəruri olduğunu bildirir.

Sözsüz ki, ərazi itkiləri tələbi ilə heç cür razılaşa bilməyən Kiyev bu şərti Ukraynanın beynəlxalq hüququn subyekti statusundan məhrum edilməsi kimi qiymətləndirir. Digər tərəfdən isə, hələ 2022-ci ilin oktyabr ayının əvvəllərində Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə sülh danışıqları aparmağı qadağan edən Sərəncam imzalayıb.

Kiyev ərazi itkilərini istisna etmir?...
Ən azı Vladimir Putinin Rusiyada hakimiyyətdə olacağı dövrdə Moskva ilə sülh danışıqlarına qanunvericilik səviyyəsində qadağa qoyulmasına baxmayaraq, son vaxtlar rəsmi Kiyevin, xüsusilə də onun Qərbdəki tərəfdarlarının ritorikasında bu məsələ ilə bağlı xeyli yumşalma nəzərə çarpır. Bu isə ilk növbədə Ukrayna cəbhəsində Rusiya qoşunlarının yeni ərazilər ələ keçirməsi və kollektiv Qərbin Kiyevə ayırdığı böyük həcmli hərbi-maliyyə dəstəyinin gözlənilən effekti verməməsi ilə izah olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   sülh  





Xəbər lenti